Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arifin (1924-1992) zəngin poetik irsində Tbilisiyə həsr olunan şeirlər də yer alıb.
Şairin Tiflis mövzusunda qələmə aldığı “Məni” və “Tiflisdə yanvar” adlı şeirlərinə 1977-ci ildə Bakıda işıq üzü görmüş “Sevirəm Gürcüstanı” kitabında rast gəlinir.
Aziz.ge “Məni” şeirini təqdim edir.
Heyranam Tiflisə uşaq çağımdan
Bir də o yerlərə yetirin məni
Səhərlər aşırıb Sənan dağından
Güllərin içində itirin məni.
***
Göy otun üstündə kəsin quzunu
Kabab sulanmamış səpin duzunu.
Kaxet çaxırıyla kəl buynuzunu
Doldurub bir hala gətirin məni.
***
Yayılsın ətrafa çonqurun səsi –
Ruhuma doğmadır gürcü nəğməsi.
Düşəndə axşamın sərin kölgəsi
Kürün körpüsündən ötürün məni.
***
Çayın sahilində yaşıl bağça, bağ,
Hər evdə, eyvanda təzə çilçıraq…
Sevirəm Tiflisi, sevirəm, ancaq
Öləndə Qazaxdan götürün məni.