Tbilisinin keçmiş Gəncə döngəsi: Hazırda erməni aktyorun adını daşıyır

Aziz.ge Tbilisidə tarixə qovuşmuş daha bir Azərbaycan mənşəli toponim – Gəncə döngəsi barədə ətraflı məlumatı təqdim edir.

Bu döngə vaxtilə Gürcüstan paytaxtının ermənilərin sıx yaşadıqları Avlabar rayonunda yerləşib. Hazırda İsaak Əlixanyanın adını daşıyır.

“Tbilisi – Küçələr, prospektlər və meydanlar” adlı gürcü dilində nəşr olunmuş ensiklopediyadan (2008-ci il) məlum olur ki, bu küçə şəhərin 1903-cü ilə aid küçələr siyahısına Gəncə döngəsi adı ilə daxil edilib.

1920-ci illərdə küçə Yelizavetpol (Gəncənin 1904-1918-ci illərdəki adı), 1930-cu illərdə isə Mahaçqala adını daşıyıb. İsaak Əlixanyan adı küçəyə 1947-ci ildə verilib.

İsaak Əlixanyan (1876-1946) Gürcüstanda anadan olmuş aktyor və rejissor olub. O, Ermənistan və Gürcüstan SSR-nin xalq artisti idi. 1921-ci ildə İrəvanda erməni teatrının yaradılmasında iştirak edib, 1922-ci ildən Tbilisidəki erməni teatrının (hazırkı Petros Adamyan adına erməni dövlət dram teatrı) aparıcı aktyorlarından olub. Onun Bakıda da səhnə fəaliyyəti ilə məşğul olduğuna dair məlumatlar var.

Keçmiş Gəncə döngəsi, hazırda erməni aktyorun adını daşıyan küçə də elə erməni teatrının ətrafında yerləşir. İsaak Əlixanyanın Tbilisidə xatirəsi vəfatından bir il sonra aktyorun çalışdığı teatrın yaxınlığındakı küçəyə verilməklə ədəbiləşdirilib.

Əlixanyan küçəsində fərdi yaşayış evləri yerləşir. Küçə boyu ad bildirən yeni lövhələrə rast gəlinmir. Bir neçə tikilinin fasadında sovet dövründə vurulmuş, çox köhnəlmiş və nisbətən yeni lövhələri görmək mümkündür.

Həmçinin oxu:

Keçmiş Naxçıvan küçəsi: Tbilisidə dəyişdirilmiş daha bir Azərbaycan toponimi

Gəncə yolu və Gəncə qapısı – Tbilisinin qədim toponimləri