1957-ci ildə Azərbaycanın görkəmli ədibi Mirzə Fətəli Axundovun məzarının Tbilisidən Bakıya köçürülməsi məsələsi gündəmə gətirilib. Bunun səbəbi dramaturqun qəbrinin baxımsız vəziyyətdə olması idi. Bu barədə “525-ci qəzet”də sentyabrın 4-də işıq üzü görmüş, müəllifi AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun “Unutmayaq ki, unudarlar – Akademik İmam Mustafayevin xatirəsinə” sərlövhəli yazısından məlum olur.
Aziz.ge məqalənin həmin hissəsini təqdim edir:
“1957-ci ilin martın 10-da Azərbaycanın rəhbəri kimi İmam Mustafayev Zaqafqaziya hərbi dairəsinin hərbi şurasının iclasına dəvət olunaraq Tiflisə getmişdi. Bu səfər Mirzə Fətəli Axundzadənin 145 illik yubileyi ərəfəsində olduğuna görə böyük vətəndaş dramaturqun məzarını ziyarət etmək, ora gül dəstəsi qoymaq arzusunu bildirir. Ziyarət zamanı məlum olur ki, Tiflisin Nəbatət bağında olan qəbir baxımsız vəziyyətdədir və bu, İmam Mustafayevi məyus edir. Bakıda bu məsələni ürək ağrısı ilə müzakirəyə çıxaran vətənpərvər rəhbər sahibsizlikdən baxımsız vəziyyətə düşmüş qəbrin Bakıya köçürülməsi ilə bağlı qərarını səsləndirir və açıq da deyir:
– Mirzə Fətəli elə şəxsiyyət deyil ki, onun qəbri bu vəziyyətdə olsun. Onun sahibi də var, o dahini yetişdirən xalqın məzarın üstünü götürməyə imkanı da çatar!
Plenum bu barədə qərar qəbul edir, heykəltaraş İradə Zeynalovaya qəbirüstü abidənin (büstün) hazırlanması sifariş edilir, məzarın köçürülməsi məqsədi ilə maşın ayrılır və Qazaxda xüsusi vaqon hazırlanır. Gürcüstan rəhbərliyi İmam Mustafayevin məyusluğundan xəbər tutub ciddi narahat olur, təcili məzarın bərpası işlərinə başlanılır, tezliklə qəbirüstü vəziyyət düzəlir və bu barədə Azərbaycan rəhbərinə məlumat verilir. 1957-ci ilin sentyabrında İmam Mustafayev yenidən Tiflisə gedir və bərpa işlərinin yaxşı səviyyədə olduğuna şəxsən əmin olduqdan sonra köçürülmə planından vaz keçir. Bununla bərabər, başdaşı yeniləndiyi üçün köhnə qəbir daşını tarixi əhəmiyyəti olan abidə kimi Bakıya gətizdirmiş, Mirzə Fətəlinin ev-muzeyinə vermişdir. Sifariş edilən büst isə böyük dramaturqun Şəkidəki ev-muzeyinin qarşısında qoyulmuşdur”.

Yazıda qeyd olunub ki, İmam Mustafayevin Mirzə Fətəli Axundovun məzarını Tiflisdən Bakıya köçürmək istəyini qardaş gürcü xalqı ilə azərbaycanlılar arasında nifaq toxumu səpmək cəhdi kimi qiymətləndirənlər də olub.

Qeyd edək ki, İmam Mustafayev (1910-1997) Azərbaycanın ictimai-siyasi xadimi olub. O, 1954–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini tutub.
Həmçinin oxu:
Mirzə Fətəli Axundovun qəbirüstü abidəsi – Müəllifi kimdir və nə zaman açılıb?


