“Hacıbəyov gürcü musiqisini sevirdi, onu vətənində təbliğ edirdi. Onun təşəbbüsü ilə Bakıda D.Arakişvilinin (bəstəkar, Gürcüstan SSR-in Xalq artisti Dmitri Arakişvili-Aziz.ge) müəllif konserti keçirilmişdi. Konsertdə “Şota Rustaveli” operasından hissələr, “Ormuzdu himni” simfonik əsəri, simfonik rəqslər və bir sıra romanslar səsləndirilmişdi”.
Bu sözlər vaxtilə Tbilisidə işıq üzü görən “Zarya Vostoka” qəzetinin 30 noyabr 1975-ci il tarixli 281-ci sayında yer almış Üzeyir Hacıbəylinin 90 illiyinə həsr olunan “İstedadın səxavəti” (Щедрость таланта) sərlövhəli məqalədəndir.
Müəllif sənətşünaslıq üzrə doktor Q.Çxikvadze Ü.Hacıbəyli ilə 1935-ci ildə Tbilisidə, Bəstəkarlar İttifaqında tanış olduğunu yazıb:
“Xatırlayıram, o necə həvəslə və maraqla Azərbaycan musiqisi haqqında danışırdı. İki ildən sonra onunla yenə görüşdüm və bəstəkara müxtəlif forma, janr və stilə aid gürcü xalq mahnılarını dinləməyi təklif etdim. O, fikrini cəmləyərək maraqla dinlədi və eyni zamanda mahnılarla bağlı suallar verirdi”.
Məqalədən məlum olur ki, Ü.Hacıbəyli Azərbaycanda musiqi sahəsində təhsil alan gəncləri özünəməxsusluğu ilə seçilən gürcü mahnı folkloru ilə tanış etmək arzusunu bildirib.
“Mən hazırda Üzeyir Hacıbəyovun adını daşıyan Bakı konservatoriyasına dəvət olundum və orada gürcü musiqi folkloru haqqında mühazirələr oxudum”.
Q.Çxikvadze sonda gözəl insan, bəstəkar, musiqişünas, müdrik müəllim Üzeyir Hacıbəylinin xatirəsini böyük hörmətlə yad etdiyini vurğulayıb.
Məqalədə D.Arakişvilinin Ü.Hacıbəyli haqqında fikirləri də qeyd olunub:
“Öz xalqının musiqisini belə dərindən hiss etmiş başqa bəstəkarı təsəvvür etmək çətindir. Onun əsərlərini dinləyirsən və Azərbaycan folklor musiqisinin bütün ətrini duyursan. Məhz Azərbaycan folklor musiqisi onun ilham mənbəyi olub”.
Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan növbəti məqalədir.
Həmçinin oxu:
“Arşın mal alan”ın gürcücə səhnəyə qoyulması, Üzeyir Hacıbəylinin İvane Qiqoşviliyə hədiyyəsi
Aziz.ge


