Okyabrın 14-də Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Azərbaycan və Gürcüstanın mədəniyyət nazirliklərinin dəstəyi ilə Şota Rustaveli adına Gürcüstan Milli Teatrında böyük uğurla nümayiş olunub.
Nümayişdə Gürcüstanın mədəniyyət nazirinin müavini, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri iştirak edib.
Gürcü dilində subtitrlərlə təqdim olunan tamaşa alqışlarla qarşılanıb.
Teatrının bədii rəhbəri Robert Sturua tamaşadan sonra kollektivlə görüşüb, uğurlu tamaşa münasibətilə təbriklərini çatdırıb.
Nümayiş çərçivəsində Azərbaycan teatr tarixini özündə əks etdirən sərgi teatrın foyesində nümayiş etdirilib.
Tamaşa hər iki ölkənin milli dram teatrları arasında bu ilin fevral ayının 22-də imzalanmış beynəlxalq əməkdaşlığa dair Memorandum əsasında göstərilib.
Qeyd edək ki, yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Səhnə əsəri Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin sürgün həyatı haqqındadır. Şükriyyə Stalin rejiminin repressiya qurbanı kimi Qazaxıstanın Akmolinski vilayətində 8 il sürgün cəzası çəkib.
Tamaşada əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), xalq artisti Əli Nur (Süleyman bəy), əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi), aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) çıxış edirlər.



