Gürcüstanın Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı, görkəmli qrafika ustası Arif Hüseynovun “Zamanın ilmələri” adlı ilk fərdi sərgisi açılıb.
Aziz.ge xəbər verir ki, açılış mərasimində Azərbaycanın Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Gürcüstanın Mədəniyyət Nazirliyinin nümayəndələri, Gürcüstan Milli Muzeyinin direktoru Davit Lortkipanidze, Bolnisi meri Zamur Çitanava, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, azərbaycanlı icmanın üzvləri, ziyalılar iştirak ediblər.
Hüseynov bildirib ki, sərginin azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda keçirilməsi sevindirici haldır:
“Bolnisi muzeyinə valeh olmuşam. Təsəvvür etməzdim ki, Gürcüstanın bu bölgəsində belə möhtəşəm muzey ola bilər. Ümid edirəm ki, Bolnisidə və ətraf rayonlarda yaşayan soydaşlarımız sərgiyə böyük maraq göstərəcəklər”.
Lortkipanidze “Zamanın ilmələri” sərgisinin Bolnisi Muzeyinin fəlsəfəsinə uyğun olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstan muzeyi Azərbaycan Xalq rəssamının unikal əsərlərindən ibarət sərgiyə böyük qürurla ev sahibliyi edir.
Məlikova “Zamanın ilmələri” layihəsinin təqdimatının bu ilin may ayında Azərbaycanın Milli Xalça Muzeyində baş tutduğunu diqqətə çatdırıb. O qeyd edib ki, layihə çərçivəsində hazırlanan əsərlər xalçanın yaranma prosesini əks etdirir.
Sərgidə Hüseynovun 2024-2025-ci illərdə kətan üzərində qarışıq texnikada çəkdiyi 12 rəsm əsəri nümayiş olunur. Ziyarətçilərə rəssamın “İki qəlbin hekayəsi” əsəri əsasında toxunan xalça da təqdim olunub, onun yaranmasını əks etdirən süni intellektin köməyi ilə hazırlanan videoçarx da nümayiş etdirilib.
Sərgi çərçivəsində Bolnisi sakinləri və qonaqları üçün Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsinin əməkdaşları tərəfindən xalçanın hazırlanmasının bütün mərhələləri barədə “Xalça necə yaranır?” ustad dərsi də keçiriləcək. Sərgidə Milli Xalça Muzeyinin nəşr etdirdiyi yeni kitablar da sərgilənib.
Qeyd edək ki, sərgi Azərbaycanın və Gürcüstanın mədəniyyət nazirliklərinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilir. Sərgi dekabrın 5-dək ziyarətçilər üçün açıq olacaq.









