Gürcüstanda mühafizə olunan yeni Azərbaycan əlifbasına aid ən qədim nəşr

Gürcüstan Milli Kitabxanasının fondlarında saxlanılan Azərbaycan əlifbasına aid ən qədim nəşr «Усовершенствованная мусульманская азбука» (“Təkmilləşdirilmiş müsəlman əlifbası”) dərsliyidir. Rusdilli nəşr 1879-cu ildə Tiflisdə işıq üzü görüb, tərtibçisi Məhəmməd ağa Şahtaxtlı (1846-1931) olub.

146 yaşlı dərslik tərtibçinin əlyazmalarından hazırlanmış litoqrafiyadır və bir neçə hissədən ibarətdir.

Birinci hissə «Звуковая азбука» (“Səsli əlifba”) adlanır. Burada yeni tərtib edilmiş hərflər, həmin hərflərə ərəb, rus, fransız və alman əlifbalarında uyğun gələn hərflər yer alıb. Ayrıca sütunda isə yeni Azərbaycan hərflərinin yaradılması zamanı istifadə olunan ərəb hərfləri göstərilib.

İkinci hissədə türk-fars, ərəb tələffüzündə Quran kitabından, Hafiz və Məhəmməd Füzulinin əsərlərindən hissələr verilib.

«Усовершенствованный «насхь» (“Təkmilləşdirilmiş “nəsh”) adlanan üçüncü hissədə isə sait və samitlər, onların rus, fransız və alman dillərində səslənmələrinin təqdim olunduğu cədvələ rast gəlinir.

Sonuncu hissəyə dərslikdən istifadə ilə bağlı müəllifin geniş izahatı əlavə olunub.

Şahtaxtlı daha sonra bu dərsliyin əlavəsini də nəşr etdirib. «Дополнение к усовершенствованной мусульманской азбуке и латино-восточная азбука» (“Təkmilləşdirilmiş müsəlman və latın-şərq əlifbası”) adlı dərslik də Gürcüstan Milli Kitabxanasının fondlarında mühafizə olunur.  

“Məhəmməd ağa Şahtaxtlının publisistikası” adlı kitabda (müəllif Əbülfəz Quliyev/Bakı-2016) “Təkmilləşdirilmiş müsəlman əlifbası” nəşri Şahtaxtlının Tiflisdəki fəaliyyət dövrünün ən mühüm hadisələrindən biri adlandırılıb. Kitabın “Tomson” mətbəəsində nəşr etdirildiyi qeyd olunub:

“Burada müəllif cəmiyyətin inkişafına mane olan əsas səbəblərdən birini də ərəb əlifbasının xalqımız üçün yararsız olmasında görür və bu çətinliyi aradan qaldırmaq yolları üzərində düşünürdü. Bu baxımdan həmin qiymətli əsər Şərqdə yeni əlifba ideyasının banisi, böyük Azərbaycan mütəfəkkiri M.F.Axundzadədən sonra ərəb əlifbasının islahatına həsr olunmuş ikinci yeni əlifba layihəsi idi.

“Təkmilləşdirilmiş müsəlman əlifbası” layihəsi Şahtaxtlını ilk dəfə olaraq linqvist-şərqşünas kimi nəzərə çarpdırmışdır. Azərbaycanda yeni əlifba uğrunda mübarizə tarixində ilk kitab olan bu əsər xalqın qabaqcıl insanları arasında böyük əks-səda verir. “Qafqaz”, “Ziya” kimi qəzetlər həmin əsərin nəşri münasibətilə geniş resenziyalar vermişlər. Ərəb əlifbası nöqsanlarının dərin elmi dəlillərlə təhlilini verib öz yeni əlifbasının layihəsini, onun spesifik xüsusiyyətlərini təbliğ edən Şahtaxtlının bu kitabı həmçinin, yeni əlifbanın ərəb, fars, türk, alman, fransız və rus dillərində necə səsləndiyinə, fonetik xüsusiyyətlərinə dair şərhlərlə də zəngindir. Kitabda Hafiz, Füzuli və Şərqin digər dahi söz ustalarının yeni əlifba ilə verilmiş şeir inciləri xüsusilə diqqəti cəlb edir. Yeni əlifbanın əsas üstünlüyü ərəb əlifbasında mövcud olmayan sait səslərin xüsusi hərflərlə göstərilməsi və yerinə görə, hər samitin öz şəklini dəyişməyən xüsusi işarə ilə əvəz edilməsi idi. Məhəmməd ağa yeni əlifbanın məziyyətləri haqqında yazırdı: “Ərəblər müsəlman aləminə be vermişlər, mən isə “əlifbe”.