Gürcüstanın Marneuli rayonunun Qasımlı kəndinin yaxınlığında Dəmirqaya adlı qədim yaşayış məskəni yerləşir. Bu məkana Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi 2019-cu ilin fevralında mədəni irs abidəsi statusu verib.
Agentlikdən hələ o zaman bildirilmişdi ki, Dəmirqaya abidəsi insanların təsirinə məruz qalmaması məqsədilə hasarlanacaq və yaxınlığında mağaranın mədəni irs abidəsi olmasını özündə əks etdirən məlumat lövhəsi quraşdırılacaq. Bu günə qədər bu işlərin həyata keçirilməsinə dair hər hansı bir məlumata rast gəlinmir.

Dəmirqaya Gürcüstanda unikal tarixi abidədir. Belə ki, Gürcüstanda qədim qayaüstü rəsmlərin olduğu yeganə qədim yaşayış məskənidir. Eramızdan əvvəl V-IV minilliyə, Eneolit dövrünə aiddir. Dağ yamacında yerləşən mağaranın sahəsi 5,5 metr X 7,3 metr, daxili məkanın sahəsi isə 3,6 metr X 5,5 metr təşkil edir. Mağara iki qaya parçasından ibarətdir, hər ikisinin insanlar tərəfindən istifadə edildiyi ehtimal olunur.
Nisbətən böyük qaya parçasının daxilində — mərkəzi və şərq hissəsində qırmızı rəngdə olan rəsmlərə və geometrik təsvirlərə rast gəlinir. Onların arasında maral və digər heyvanların 10-12 sm ölçüdə rəsmləri də var. Həmin təsvirləri zədəli olsalar da, xüsusi kompüter proqramının köməyi ilə ayırd etmək mümkün olub. Təəssüflər olsun ki, petroqliflər hələ də hərtərəfli şəkildə tədqiq olunmayıb.

2020-ci ildə Dəmirqaya ətrafında aparılmış arxeoloji qazıntılar zamanı beş ədəd keramika fraqmenti və az sayda heyvan sümükləri də aşkarlanıb. Bir sümük nümunəsinin işlənmiş forması onun silah kimi istifadə edildiyini ehtimal etməyə əsas verib.




Aziz.ge


