Tiflis Azərbaycan teatrının ilk tamaşasının göstərildiyi məkan — Paronbəyov karvansarası

Arxiv sənədlər, mətbuat materialları və Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının xatirələri təsdiqləyir ki, Tiflis Azərbaycan teatrının ilk tamaşası 1872-ci ildə nümayiş etdirilib. Həmin səhnə əsəri Mirzə Fətəli Axundovun “Sərgüşəti- vəziri-xani sərab” əsərinin üçüncü pərdəsindən ibarət olub.

İlk tamaşanın göstərildiyi məkan Tiflisdəki Paronbəyov karvansarasında olub. Abbas Hacıyevin “Tiflis Azərbaycan teatrı” kitabından (Bakı-1984) məlum olur ki, həmin karvansara Metex qalasının yaxınlığında yerləşib.

“Karvansaranın örtülü hissəsində səhnə quraşdırılmış, çoxsaylı tamaşaçılar ətrafda xalılar üstə əyləşmişdilər. Truppa əsərin üçüncü pərdəsini göstərirdi”.

Nəşrdə Paronbəyov karvansarası haqqında qeyddə yazılıb:

“Paronbəyov karvansarasında, adətən Azərbaycan və İran işbazlarının, tacir və sövdagərlərinin (tacir) idarələri yerləşirdi; həm də karvansara Tiflisdə yaşayan azərbaycanlıların bir növ mədəni yığıncaq yeri idi. Burada məktəb, teatr və ədəbiyyat haqqında qızğın söhbətlər gedirdi. Söhbətlərdə Cəlil Məmmədquluzadə, M.Şahtaxtlı, Hüseyn Minasazov, Ə.Nərimanov, E.Sultanov, Ə.Yüzbaşov, M.Kirmanşahlı, Ömər Faiq Nemanzadə, Tiflisə gələndə Əbdürrrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyov, H.Ərəblinski … iştirak edirdilər. Karvansara sahibi Hacı Həşim (Azərbaycanın Xalq artisti Mustafa Mərdanovun atası) polisin nəzərində şübhəli adama çevrilmişdi”.

Mustafa Mərdanovun xatirələrindən məlum olur ki, atası Hacı Həşim və əmisi Əbdülməmməd Mərdanovlar Tiflisdə Azərbaycan teatrının tərəqqisi üçün əllərindən gələni əsirgəmirdilər və onlar hətta özləri bazarda tamaşalara biletləri satırdılar.

Gürcüdilli mənbələrdə Paronbəyov karvansarasının adı Parumbəyov kimi qeyd olunub. Həmin məkanın digər Xerudinov karvansarası ilə birgə Tiflisin Şərab yoxuşunda yerləşdiyi bildirilir. Hər ikisi 1930-cu illərdə Tiflisin əsaslı şəkildə yenidən qurulması zamanı dağıdılıb.

Şərab yoxuşu barədə Tbilisi üzrə araşdırmaçı, publisist, tərcüməçi Mirzə Məmmədoğlunun “Qədim Tiflis” (Bakı-2009) kitabından oxuyuruq:

Şərab yoxuşu – və ya böyük Siracxana. Avlabarın ətəyində, Metex körpüsündən Kaxet meydanına doğru qalxan yoxuşda yerləşirdi.

Şərab yoxuşu və Peskov küçəsi
İndiki Şərab yoxuşu küçəsi. Avropa meydanından Avlabar meydanına qədər uzanır.