Məhəmməd Əmin Rəsulzadə Tiflisdə — Bir fotoşəklin tarixçəsi

“Ey böyük şair, ey nəcib bir millətin yetirdiyi ali düha, sən sağlığında birlik və məhəbbət təlqin edirdin. Öldün: fəqət əmin ola bilərdin ki, sənin ruhun ölməmiş, o hələ diridir”*.

Bu sözləri bu gün anadan olmasından 142 il ötən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli dövlət və ictimai xadim, siyasətçi və publisist Məhəmməd Əmin Rəsulzadə 1915-ci ilin fevralın 8-də gürcü şairi Akaki Tseretelinin Tiflisin İrəvan meydanında (hazırkı Azadlıq meydanı) dəfn günündə çıxışında söyləyib.

Akakinin dəfni. İrəvan meydanı.

Həmin dövrdə Tiflisdə nəşr olunan “Teatri və tsxovreba” (“Teatr və həyat”) adlı həftəlik jurnalın 29 mart 1915-ci il tarixli 13-cü sayından məlum olur ki, mərasimdə Rəsulzadə ilə yanaşı Əlimərdan bəy TopçubaşovRövşən bəy Əfəndiyev də iştirak ediblər. Dərginin 8-ci səhifəsində onların Tiflisdə çəkilmiş fotoşəkilləri və aşağıdakı məlumat yer alıb:

“Fevralın 8-də Akaki Tseretelinin dəfn günündə iştirak edən tatar nümayəndələri. Tatardilli “İqbal” qəzetinin redaktoru Məhəmməd Əmin Rəsulzadə tatar, Birinci Dumanın üzvü Əlimərdan bəy Topçubaşov rus, müəllim Rövşən bəy Əfəndiyev tatar dilində çıxış edib”.


Rəsulzadənin həmin fotoşəklinin əsli poçt açıqçası formasında Gürcüstan Milli Kitabxanasının arxiv fotolar kolleksiyasında qorunur. Açıqcanın arxa tərəfində “tatardilli “İqbal” qəzetinin redaktoru Mamed Emin Resulzadə. “Teatri da tsxovreba” 1915-ci il, №13, 8-ci səhifə” sözləri yazılıb.

Xatırladaq ki, Akaki Tsereteli Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsərini ilk dəfə gürcü dilinə tərcümə edib, 1898-ci ilin martında özünün “Krebuli” jurnalının VII sayında “Xanın vəziri” adı altında nəşr etdirib.

Qeyd edək ki, Rövşən bəy Əfəndiyev 31 dekabr 1884-cü ildə Şəkidə doğulub, 1904-cü ildə şəhərin ibtidai məktəbində müəllimliyə başlayıb. Müəllimlik fəaliyyətini 1908-ci ildən Tiflis şəhərində davam etdirib. O, burada xeyriyyə işlərində, türk balalarını xristian evlərindən bir yerə toplamaq üçün Tiflisdə yaradılan Yetimlər evinin təsis olunmasında də yaxından iştirak edib. Əfəndiyev daha sonra Tiflis Müsəlman Milli Komitəsi İcraiyyə Komitəsi, Qafqaz Hərbi Şurasının üzvü olub.

_____________________

*Nəsiman Yaqublu. “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”, 2013

Həmçinin oxu: