Tbilisidə vaxtilə Azərbaycan rayonlarının adlarını daşımış 10-a yaxın küçə olub. Onlardan ikisi Tovuz və Ağstafa küçələri köhnə Xarpux məhəlləsində yerləşib.
Aziz.ge həmin küçələrin tarixçələri barədə ətraflı məlumatı təqdim edir.
“Tbilisi – Küçələr, prospektlər və meydanlar” adlı ensiklopediyaya əsasən, keçmiş Tovuz, hazırkı Giorgi Merçule küçəsi XIX əsrdə yaradılıb.
1903-cü ildə Tbilisi şəhər administrasiyası küçəni Tovuz döngəsi adı altında siyahıya daxil edib. Tovuz döngəsi daha sonra Tovuz küçəsi adlandırılıb. Küçəyə X əsrin gürcü yazıçısı Giorgi Merçulenin adı 1958-ci ildə verilib. Qeyd edək ki, Giorgi Merçule küçəsi Nizami Gəncəvi küçəsinin yaxınlığında yerləşir.
Keçmiş Ağstafa küçəsi isə hazırda Beka və Beşken Opizari qardaşlarının adlarını daşıyır. XIX əsrdə əsası qoyulmuş küçə 1903-cü ildə Tbilisinin küçələr siyahısına Ağstafa döngəsi adı altında salınıb. 1960-cı ildə Beka Opizarinin şərəfinə adlandırılıb, daha sonra isə Beka və Beşken Opizari adını alıb. Opizari qardaşları XII əsrin sonu-XIII əsrin əvvələrində metal üzərində naxış ustaları olublar.
Qeyd edək ki, köhnə Xarpux məhəlləsi həm də Seyidabad (seyidlərin məskəni) adlandırılıb. Tbilisi üzrə araşdırmaçı, publisist, tərcüməçi Mirzə Məmmədoğlunun “Qədim Tiflis” (Bakı-2009) kitabında bildirilir ki, Xarpux adlı kənd XVIII əsrin sonu XIX əsrin əvvəllərində əmələ gəlib. Bu adın mənası bir neçə cür izah edilir. Məşhur gürcü rəssam Uça Caparidze Xarpux adının mənasına bu cür izah verib:
“Xər – farsca eşşək deməkdir. O vaxtlar Tiflisə gələn dəvə, at, eşşək karvanı bu yerlərdə dayanacaq tapırmış”.
Müəllif bu variantı reallıq baxımından daha inandırıcı hesab edir.



