Gürcüstanda Azərbaycanın dəstəyi ilə musiqili park salınacaq

Gürcüstanın Poti şəhərində yerləşən Akaki Xorava adına musiqi məktəbinin yaxınlığındakı meydanda Azərbaycanla dostluğa həsr olunmuş musiqili parkın yaradılması planlaşdırılır.

Aziz.ge xəbər verir ki, istirahət məkanının SOCAR-a məxsus “Kulevi Qara Dəniz Neft Terminalı” şirkətinin sosial məsuliyyət kampaniyası çərçivəsində salınması nəzərdə tutulur.

Bu məsələ Sameqrelo-Zemo Svaneti bölgəsinin qubernatoru David Verava və Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Fuad Əzizov arasında keçirilmiş görüşdə müzakirə olunub.

Əməkdaşlığın dərinləşdirilməsi və birgə layihələrin müzakirə edildiyi görüşdə “Kulevi Qara Dəniz Neft Terminalı” şirkətinin rəhbərinin müavini Anar Qəniyev də iştirak edib. O, şirkətin Xobi şəhərində də analoji park yaratmaq niyyətində olduğunu bildirib.