Bu gün Azərbaycanın görkəmli ədibi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundovun (1812-1878) anım günüdür. Milli dramaturgiyamızın banisinin vəfatından 148 il ötür.
Axundov bütün dinləri puç və əfsanə saydığından onun Tiflisdəki müsəlman qəbirstanlığında dəfninə icazə verilməyib. Azərbaycanlı ədibin o zamankı Gorxana, Tbilisidəki Botanika Bağındakı hazırkı panteonda dəfni böyük gürcü şairi Qriqol Orbelianinin kələyi ilə mümkün olub. Dəfn mərasimi xristian ənənəsinə uyğun şəkildə həyata keçirilib.
Yazıçısının dəfni barədə Vaso Çaçanidze “Literaturnaya Qruziya” (“Ədəbi Gürcüstan”) jurnalının 1980-ci ildə işıq üzü görmüş VI sayında “Mirzə Fətəli Axundov və Qriqol Orbeliani” başlıqlı məqaləsində atasının danışdıqları əsasında ətraflı söz açıb.

Yazıdan məlum olur ki, Axundovun vəfatı barədə üç gün sonra qonşusu Qurban xəbər tutub və qonşuları bu barədə pristava xəbər veriblər.
“Qapını sındırdılar, içəri daxil oldular və … Mirzə Fətəli Axundov vəfat etmişdi. Polis əmlakı siyahıya aldı və qapını möhürlədi. Mirzənin qohumları — İbrahim və onun həyat yoldaşı gələndə polis onlara siyahıya alınmış əmlakı təhvil verdi və möhürü açdı. İbrahim və Qurban dəfnə hazırlaşmağa başladılar.

Axundov üçün qəbir qazmağa qadağa
Mirzənin vəfatı xəbəri şəhərə ildırım sürəti ilə yayıldı. Mərhumun yaxınları Gorxanadakı müsəlman qəbirstanlığına gələndə inanılmaz hadisə baş verdi: molla qəbirstanlıqda çalışanlara Axundov üçün qəbir qazmağa icazə vermədi: “Mirzə Fətəli Axundov kafirdir, onu müsəlman qəbirstanlığında dəfn etmək olmaz”. Molla İbrahim və Qurbana sərt xəbərdarlıq etdi ki, onlar dəfnlə məşğul olsalar, Allahın qəzəbinə tuş gələcəklər. İbrahim və Qurban qorxmuş halda evlərinə döndülər. İbrahim hər şeyi anama danışdı. Axşam atam işdən gələndə anam ona dəhşətli xəbəri çatdırdı. Atam mollanın yanına getdi, amma o, rəhmsiz idi. Sonra atam Qriqol Orbelianiyə (1804-1883) müraciət etdi”.

Nə xristian, nə müsəlman qəbirstanlığı Mirzənin torpağa tapşırılmasına razı olurdu
Orbeliani çıxış yolu tapmaq və Mirzənin heç olmasa xristian məzarlığında dəfninə nail olmaq üçün polismeysterlə (şəhər polisi rəisi) məsləhətləşməyə qərar verir.
“Orbeliani növbəti gün atamdan onun yanına gəlməsini rica edir. Orbeliani xəstə idi, yataqda idi, lakin süfrə açılmasına göstəriş verdi və yazıçının xatirəsinə içdi. İkinci gün atam Orbelianinin yanına gedəndə o, çox qəzəbli idi. Nə xristian, nə müsəlman qəbirstanlığı Mirzənin torpağa tapşırılmasına razı olurdu. Polis yeganə çıxış yolunu onda görürdü ki, o, ölümə məhkum edilmiş məhbusların dəfn olunduğu məzarlıqda basdırılsın.
Orbeliani atama 100 rubl verib dedi: “Şaşo, indi güləş bacarıqlarını nümayiş etdirməyin vaxtı gəldi! Özün kimi etibarlı və güclü insanları topla. Nə olursa, olsun Mirzəni şərəflə dəfn etmək lazımdır. Müsəlmanı xristian ənənələrinə uyğun dəfn etməklə heç nə olmayacaq, biz hamımız Allahın övladlarıyıq və xeyirxah əmələ görə onun bizə qəzəbi tutmaz.

“Biz sevimli Mirzənin nəşinə istehzaya imkan vermərik”
Atam puldan imtina edərək dedi ki, pulu öz aralarında toplaya bilərlər. Lakin Qriqol Orbeliani atamın qərarı ilə razılaşmadı: “Mirzə Axundov yoxsul və evsiz deyil. Əgər kor fanatiklər dindarları qorxutmaq istəyirlərsə, biz sevimli Mirzənin nəşinə istehzaya imkan vermərik.
Həmin gün qohumumuz atamın qonağı oldu. O, bütün Aşağı Kartlidə tanınmış pəhləvan Tedo Kençadze idi. Atam Tedo və digər pəhləvanların müşayiəti ilə Gorxanaya getdi və gözətçiyə dedi ki, qaraçoxelilər (qaraçuxalılar) Gorxananın sonunda ziyafət təşkil etmək istəyirlər və bura indi insanlar gələcək ki, məclis üçün sahəni təmizləsinlər, amma bu barədə kimsə bilməməlidir, xüsusən də molla. Qarşısında pəhləvanları görən gözətçi əlbəttə ki, qorxdu və bütün şərtləri qəbul etdi. Şaşonun dostları Mirzə üçün qəbir qazmağa başladılar, üzərini lövhə ilə örtrərək görünməməsi üçün torpaqla gizlətdilər.
Səhər qaraçuxalıların guya toplaşacağı yerdə tonqallar tüstüləndi. Ət, balıq bişirilirdi, bardaqlara şərab süzülürdü. Gorxanadan heç nə görünmürdü, yuxarıya bilərəkdən kimsə qalxmırdı. Mərasimə tanınmış musiqiçiləri də dəvət etmişdilər”.
Daşın üzərində məzarın təhqir olunmaması üçün yazı yox idi
Dəfn günü Mirzənin evinin həyətində qohumları, dostları, yaxınları, istedadına pərəstiş edənlər, kintolar, ustalar və köhnə Tiflisin sadə insanları toplaşmışdı.
“Atam güləşçilərin hamısına küçəyə çıxmağı tapşırdı. İbrahim və üç oğlu ilə Qurban da onlarla bir yerdə çıxdılar. Günorta polis əməkdaşları gəldilər və yazıçının cənazəsini çıxardılar. Onlardan biri darvazaya yaxınlaşdı və əmr etdi ki, heç kəs həyəti tərk etməsin, əmrə əməl etməyənlər həbsə alınacaq. Bu zaman atam və İbrahim polis əməkdaşına yaxınlaşıb dedilər ki, molla Mirzənin Gorxanada dəfninə icazə verib. Bundan sonra dəfn yürüşü polis əməkdaşlarının müşayiəti ilə küçə boyu davam etməyə başladı. Müəyyən müddətdən sonra hər şeyin qaydasında olduğunu görən polislər kənara çəkildilər. Müsəlmanların diqqətini yayındırmaq üçün yürüş Gorxanaya aparan küçələrlə deyil, dairəvi yollarla davam etdi. Sadə insanların güclü, əzələli əlləri hamının hörmət bəslədiyi yazıçının tabutunu aparırdı. Mərasim Gorxanada başa çatdı.
Yaxınlıqda böyük qazanlarda ət bişirdi, iki arabada şərab və digər yeməkləri də gətirdilər. Yazıçının tabutunu ehmalla məzara endirdilər. Musiqiçilər gürcü mahnıları çalırdılar. Hamı papağını çıxardı, hər kəs “Mirzə dayı”nın məzarına bir ovuc torpaq atdı. Altı pəhləvan böyük daş parçasını gətirib məzarın üzərində yerləşdirdilər. Daşın üzərində müsəlman fanatiklərin yazıçının məzarını təhqir etməmələri üçün yazı yox idi. Atam danışırdı ki, hamının gözündə yaş var idi. Hava qaralanda hamı Axundovun məzarı yaxınlığında masalarda əyləşdi. Atamı tamada seçdilər. Qurban oğulları ilə və İbrahim də onun yanında oturdu.
Mərasim gecə yarısına qədər davam etdi. Elə bu zaman Axundovun məzarının qarşı tərəfində fayton dayandı. Oradan gəncin köməyi ilə 80 yaşlı Qriqol Orbeliani düşdü. Hamı onun xəstə olduğunu bilirdi, həkimlər ona yataqdan durmağı qadağan etmişdilər. Onun üçün yeriməyin necə çətin olduğu görünürdü. Tamada dərhal onu qarşılamağa tələsdi. Orbeliani Mirzənin xatirəsini ananların hamısına təşəkkür bildirməyi xahiş etdi”.

Müsəlmanların Axundovun məzarının yaxınlığında dəfninə qadağa
Yazının son abzaslarında qeyd olunub ki, dəfnin növbəti günündə Meydanda və Tiflisin digər rayonlarında kintolar ticarət aparmırdılar, onlar bununla “Mirzə dayı”ya yas saxlayırdılar.
“Üç gün köhnə Tiflis oğlu üçün anım tostu qaldırırdı. Mollaya xəbər çatdı ki, qadağaya baxmayaraq, Mirzə Fətəli Axundov böyük şərəflə Gorxanada dəfn olunub. Sadə insanların yazıçıya böyük sevgisini bilən mollalar heç bir qəti tədbir görmədilər. Onlar yalnız müsəlmanların Axundovun məzarının yaxınlığında dəfn edilməsinə qadağa qoydular”.
Aziz.ge


