“Ayrılıq” mahnısını çox bəyənirəm. Çoxdandır onu ifa etməyi düşünürəm”.
Aziz.ge xəbər verir ki, bunu Gürcüstanın estrada müğənnisi Veriko Turaşvili APA agentliyinə müsahibəsində deyib.
O, bu mahnının bir çox uğurlu ifalarının olduğunu qeyd edib.
“Elə tərzdə ifa etmək istəyirəm ki, xarakterimə uyğun olsun. Bu mahnının bir çox uğurlu ifaları var. Ən sevdiyim versiya isə Əzizə Mustafazadənin ifasındadır. Bu versiya barədə fikirləşirəm. Hesab edirəm ki, ən yaxşı musiqiçilərlə mənim versiyam ən yüksək qiymətə layiq görülə biləcək. Mahnını mütləq həm Azərbaycan, həm də gürcü dilində oxuyacağam. Azərbaycan dilində təbii səslənəcək, amma mən istəyirəm ki, gürcü dinləyicilər də bu mahnını dinləyib sevsinlər”, – ifaçı əlavə edib.
Qeyd edək ki, Veriko Turaşvili bu yaxınlarda “Laçın” mahnısının musiqisinə gürcü dilində sözlər yazdıraraq “Çemo erto” (Bircəciyim) adlı mahnı təqdim edib və ona klip çəkdirib. Mahnı dinləyicilərin zövqünü oxşayıb və böyük rəğbətlə qarşılanıb. İfaçının repertuarında artıq “Sarı gəlin” və “Laçın” xalq, “Bahar sənsiz” və “Arzu” mahnıları (Maestro Niyazinin bəstələdiyi “Arzu” romansı) yer alır. O, Azərbaycan mahnılarından ibarət xüsusi albom buraxmağı planlaşdırır.


