Batuminin “Bakı”sı – 56 ildən sonra adı özünə qaytarılan küçə

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batuminin mərkəzi küçələrindən biri Bakı adını daşıyır.

Azərbaycan paytaxtının adı bu küçəyə 132 il öncə – 1892-ci ildə verilib. Batumidə mərkəzi küçələrdən birinə Bakı adının verilməsi şübhəsiz ki, həmin dövrdə Azərbaycan paytaxtının bu şəhərin inkişafında oynadığı böyük rolu ilə əlaqəli olub.

Belə ki, 1883-cü ildə Bakı və Batumi arasında magistral dəmir yolu xətti ilə neftin nəql olunmasına başlanılır. 1897-1907-ci illərdə isə iki şəhəri birləşdirən neft boru kəməri inşa olunur. Bakı nefti Batumidə sənayenin inkişafına təkan verməklə yanaşı Qara dəniz sahilində yerləşən bu şəhəri dünyanın əsas və iri limanlarından birinə çevirir.

Küçə Bakı adını 62 il daşıyır. Belə ki, 1954-cü ildə küçənin adı dəyişdirilərək gürcü yazıçı və publisist Yakob Qoqebaşvilinin şərəfinə adlandırılır. 2010-cu ilin avqustunda isə Batumi Şəhər Şurasının yekdil qərarı ilə küçəyə 56 il sonra tarixi Bakı adı qaytarılıb.

Bakı küçəsində bir sıra köhnə və yeni tikililərlə yanaşı, 2015-ci ilin mayında açılan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Acarıstan nümayəndələyinin inzibati binası da yerləşir.

Küçədəki bəzi tikililərin fasadında onun köhnə Y.Qoqebaşvili adını bildirən lövhələrə hələ də rast gəlinir.

Aziz.ge