Allah verər, amma Allahverdi qoymaz – 176 il öncə Tiflis qəzetində dərc olunmuş atalar sözlərimiz

Tiflisdə vaxtilə nəşr olunmuş “Zakavkazskiy vestnik” qəzetinin 1848-ci ildə işıq üzü görmüş 43-cü sayında həmin dövrə aid atalar sözlərimiz dərc olunub.

Nəşrin “Qeyri-rəsmi hissə” adlı səhifəsində müəllifi X.Ksenofontov olan “Türk və tatar atalar sözləri” sərlövhəli məqalədə 9 atalar sözü ərəb qrafikası, Azərbaycan dilində kiril əlifbası ilə verilib və rus dilində izahı təqdim olunub.

  1. Allah verər, amma Allahverdi qoymaz – Bu atalar sözünün rusca izahında deyilir ki, həqiqətən də bəzən Allah insana xoşbəxtlik verir, amma pis niyyətli insanlar buna mane olur və qarşısını alır. Bu atalar sözünün Türkiyədə yarandığı qeyd olunub.
  2. Ora yaxşıdır, hardakı bizim ocaqdır –  Rusca izahından: “Türklərdə və tatarlarda ocaq ev mənasını verir. Burada ailə yaşayır və ocaq müqəddəs sayılır. Yad adam, hətta dost olmayan biri hansısa ehtiyac səbəindən ocağın yanında bəladan xilas olur”.
  3. Ad gözəli urumdan Şama, üz gözəli hamamdan evə – Adın gözəlliyi Rumelidən Dəməşqədək, üz gözəlliyi isə hamamdan evədək.
  4. Acı badımcanı qırav çalmaz – Acı badımcanlar şaxtadan qorxmaz. Bu atalar sözü ilə acıqlı insanlara xas xüsusiyyət ifadə olunur. Həmin insanlar ümumiyyətlə mehriban insanlardan möhkəm olurlar.
  5.  At yüyürək, qılınc kəskin, iqbal kəsməz – At zirək, qılınc iti, amma bəxti gətirmir.
  6. Ayranım budur – yarısı sudur – Bu mənim turş südümdür, yarısı sudan ibarətdir. Bu sözlə satıcılar və sənətkarlar onların mal və yaxud işlərini bəyənməyən alıcılara cavab verirlər.
  7. Olsa ilə bursa bir araya gəlsə, bir böyük şəhər olur – Olsa və Bursa bir olsa, o zaman onlardan böyük bir şəhər olar. Bu sözü özü və ya digəri haqqında nəyisə “əgər” ifadəsi ilə təsəvvür edənə deyirlər.
  8. Oğul doğulduğu gün oğuldur – Oğul oğuldur, hətta doğulduğu gün belə. Bu cür şərqdə kişi cinsi haqqında deyirlər və onun qadın cinsindən üstünlüyünü göstərirlər.
  9. Evində ələk dönməz topdağında barı oynar – Evində unu yoxdur, Topdağı dağında rəqs edir. Topdağı Ərzurumda yerləşir. Həmin dağda yarı dağılmış vəziyyətdə yunan kilsəsi var və adını daşıdığı müqəddəsin bayram günündə – aprelin 23-də ora bugünədək müxtəlif inanclı insanlar toplaşır, yeyib-içir, oxuyub-oynayırlar.

Aziz.ge