Sənin xatirini gözəl Gürcüstan əziz saxlayacaq, Mirzə Fətəli! – Gürcü şairin şeiri

Gürcüstanın bir sıra şairi Tiflisdə yaşayıb-yaratmış Azərbaycanın gökrəmli yazıçısı Mirzə Fətəli Axundova şeirlər həsr edib. Həmin şairlərdən biri Vasil Qorqadzedir (1895-1973).  O, azərbaycanlı dramaturqa öz səmimi sözlərini belə ifadə edib:

Tiflisə gələndə kövrəkiydin sən,

Bu yurd məlhəm oldu dərdə, ağrına,

Bu aydın səmalı, bu gözəl vətən

Səni bala kimi basdı bağrına.

***

Hördün gürcülərə şeirinlə çələng

Dilədin xalqıma səadət dəmi,

Gah şirincə nəğmə qoşdun Vaqif tək,

Gah qəmli oxudun Vidadi kimi.

***

Sənin xatirini gözəl Gürcüstan

Əziz saxlayacaq, Mirzə Fətəli!

Qoruyar qəbrini hey zaman-zaman

Bu Tiflis torpağı, Gürcüstan eli!

Poeziya nümunəsi 1987-ci ildə Tbilisidə nəşr olunmuş və müəllifi Adil Mişiyev olan “Azərbaycan yazıçıları və Tiflis ədəbi-bədii mühiti (1820-1905)” kitabında yer alıb. Nəşrdə M.F.Axundova həsr olunan bu misralar gürcü bədii fikrinin görkəmli Azərbayan yazıçısına verdiyi qiymət kimi dəyərləndirilib.

Qeyd olunub ki, M.F. Axundovun zəngin, çoxcəhətli yaradıcılığı Tiflis ədəbi-ictimai mühiti tarixində yeni bir səhifə idi va böyük dramaturqun burada qələmə aldığı əsərlər təkcə Azərbaycan xalqını deyil, bütün Qafqaz xalqlarını, bütün Yaxın Şərqi oyatmaq, ayağa qaldırmaq yolunda atılan ciddi addımlar idi. Bu mənada zəngin tarixi-mədəni ənənələrə malik çoxmillətli Tiflis ədəbi mühiti Axundov üçün XІX əsr şəraitində ən gözəl və əlverişli tribuna olmuşdur:

“Doğma Azərbaycan ədəbiyyatı ənənələrinə əsaslanan Axundov rus, gürcü və erməni xalqlarının mütərəqqi fikirli nümayəndələri ilə çiyin-çiyinə verərək həmin tribunadan məharətlə istifadə etmişdir. Bu mənada Axundovu Tiflis ədəbi-ictimai mühiti xaricində, bu mühiti isə böyük ədib və materialist-filosof Axundovsuz təsəvvür etmək mümkün deyildir”.