Gürcüstanda qanad açdı onun böyük arzuları – Gürcü şairin “Mirzə Fətəli Axundovun xatirəsinə” şeiri

Bu gün Azərbaycanın gökrəmli yazıçısı, böyük mütəfəkkiri və ictimai xadimi Mirzə Fətəli Axundovun (1812-1878) anadan olmasından 212 il ötür.

Aziz.ge gürcü şairlərin dramaturgiyamızın banisinə həsr etdiyi şeirlərdən daha birini təqdim edir. “M.F.Axundovun xatirəsinə” adlı poeziya nümunəsinin müəllifi Aleksandr Abaşelidir (1884-1954), dilimizə tərcümə edəni Əlixan Binnətdir.

Gürcüstanda qanad açdı

Onun böyük arzuları.

Dünyamıza işıq saçdı

Hikmət dolu yazıları.

***

Dolaşdıqca dost elləri

Obamızdan ilham aldı

Orbeliani* nəğmələri

Ürəyində yuva saldı.

***

Arzu, əməl dostlarına

O ən yaxın sirdaş oldu.

Nizamiylə Rustaveli

Nəsilləri qardaş oldu.

***

Yolu çətin yol olsa da

Hey çalışdı, hey vuruşdu,

Dostu sevən dost diyarda

Bu dostluğa nəğmə qoşdu.

***

Cəlladların fitvasilə

Puşkin qurban gedən zaman

Dərdli qəlbi gəldi dilə

Misraların arxasından.

***

Lermontovtək geyib qara

O hayqırdı var səsilə.

Yas saxladı nəğməkara

Öz şeiriylə, nəğməsilə.

***

O dostların kədərini

Öz dərdi tək duyasıydı.

O, dostluğun tərcümanı,

O, qardaşlıq dünyasıydı.

***

Qəlbimizdə yaşayacaq

Xatirəsi hər bir zaman,

Qoy var olsun Axundovu

Bu dünyaya bəxş eləyən

Odlar yurdu Azərbaycan!

______________

*M.F.Axundovun dostu gürcü şairi Qriqol Orbeliani (1800-1881) nəzərdə tutulur.

Həmçinin oxu: