Nəsibə Zeynalovanın çəkildiyi, azərbaycanlı aşıqların yer aldığı gürcü filmi – Epizodlar  

1975-ci ildə “Gürcüstan-film” və “Lenfilm” kinostudiyalarının çəkdiyi “İlk baxışdan məhəbbət” filmi azərbaycanlı kiosevərlər üçün də maraqlıdır. Bu marağı yaradan həmin ekran əsərində çəkilmiş Azərbaycanın Xalq artisti Nəsibə Zeynalova, əməkdar artistlər – Sadıq Həsənzadə, Sadıq Hüseynovdur.

Öncə film haqqında qısa məlumatla tanış olaq.

Komediya janrında lentə alınmış film bərpa olunaraq ekranlara 1988-ci ildə çıxıb. Ekran əsəri Rusiyanın Dövlət Film Fondunda saxlanılıb. 2018-ci ildə Gürcüstan “İlk baxışdan məhəbbət” filmi daxil olmaqla 11 gürcü filminin nüsxəsini 112 min dollara əldə edib.  

Ekran əsərində hadisələr müxtəlif millətlərin nümayəndələrinin yaşadığı Bakı məhəlləsində cərəyan edir. Əsas qəhrəman 16 yaşlı Murad Rəsulovdur. Azərbaycanlı gənci “Yol əhvalatı” filmində (1980) Mustafa rolundan bizə tanış olan Vaxtanq Pançulidze canlandırıb. “Murad”ın lal-kar əmisi Səlim rolunda Gürcüstanın Xalq artisti Kaxi Kavsadze çəkilib.

Vaxtanq Pançulidze Murad rolunda
Kaxi Kavsadze Səlim rolunda

Murad özündən iki yaş böyük olan rus qızına vurulub, ailəsi və qohumları onların evlənməsinə etiraz edir. Filmdə mədəniyyətlərarası münaqişə gürcü yumorundan istifadə olunmaqla göstərilib.

Azərbaycanlı aktyorlar epizodik rollarda çıxış ediblər. Onların qəhrəmanları əsasən Azərbaycan dilində danışır, kadr arxasında sözlərin rusca mənaca tərcüməsi təqdim olunur. N.Zeynalovanın yaratdığı koloritli obraz qonşu xanımla daima münaqişədədir, onların mübahisələri filmin gülüş yaradan epizodlarındandır.

Filmin sonuna yaxın Gürcüstanın məşhur aşıqlarından olan Hüseyn Saraçlı və şagirdlərinin ifasının yer aldığı kadrları da görmək mümkündür. İfaya verilən izahda deyilir: “Müəllif tamaşaçıların xoşbəxt sonluğuna inamını necə mükafatlandırır”.

Nəsibə Zenalova və Hüseyn Saraçlının yer aldığı bəzi epizodları təqdim edirik.

Həmçinin oxu:

“Yol əhvalatı”nın Mustafası: Azərbaycana məhəbbətim məni heç vaxt tərk etmir