Gürcüstanda türkmən ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir Məhtimqulu Fəraqinin 300 illiyinə həsr olunan tədbirlər çərçivəsində “Məhtimqulu Fəraqi: Gürcüstandan baxış” adlı sərgi açılıb.
Aziz.ge xəbər verir ki, Türkmənistanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə Axundov Qalereyasında təşkil olunan tədbirdə türkmən rəssamlarının əsərləri təqdim olunub.
Açılış nitqi ilə çıxış edən Türkmənistan səfiri Dövlətmırat Seyitmammedov Məhtimqulu Fəraqinin ədəbi irsindən və onun türkmən ədəbiyyatındakı yerindən danışıb. Diplomat sərginin təşkilinə göstərdikləri dəstəyə görə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə və Azərbaycanın Gürcüstandakı səfirliyinə təşəkkür edib. Səfirin sözlərinə görə, sərgi ziyarətçiləri Məhtimqulu Fəraqinin yaradıcılığı ilə daha yaxından tanış olmağa həvəsləndirəcək.
D.Seyitmammedov qeyd edib ki, türkmən şairin şeirləri gürcü dilinə tərcümə edilib və kitab halında nəşr olunacaq. Onun sözlərinə görə, şeirlər toplusu şair və mütəfəkkirin 300 illik yubileyinə daha bir dəyərli töhfə olacaq və türkmən xalqının zəngin mədəniyyəti ilə tanışlığa imkan verəcək.
Tədbirdə Azərbaycan və Qazaxıstanın Gürcüstandakı səfirləri – Faiq Quliyev, Мәlik Mırzalin, Türkiyə səfirliyinin nümayəndəsi, Tbilisinin Krtsanisi bələdiyyəsinin üzvləri, azərbaycanlı icmanın üzvləri, gürcü ziyalılar, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.
Sərgidə Məhtimqulu Fəraqi və türkmən mədəniyyəti mövzularında 40 əsər təqdim olunub. Ekspozisiya avqustun 2-dək nümayiş etdiriləcək.
Qeyd edək ki, Türkmənistanda 2024-cü il Məhtimqulu Fəraqinin yaradıcılığının tədqiqi və populyarlaşdırılmasına həsr olunub. Həmçinin, TÜRKSOY bu ili “Məhtimqulu Fəraqi ili” elan edib.