Aziz.ge Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin Gürcüstan mövzusuna həsr etdiyi daha bir şeirini təqdim edir.
Oxucuları tanış etdiyimiz digər şeirlər:
“Şair kimi yaşatdı zaman” – Mirvarid Dilbazinin İlya Çavçavadzeyə həsr etdiyi şeiri
Qəhrəman insanların Vətəni Abxaziya! – Mirvarid Dilbazinin şeiri
Gürcüstanı kim sevməyir bir gözəl kimi – Mirvarid Dilbazinin şeiri
“Gürcüstan xatirələri” silsiləsinə aid şeirin adı “Gürcüstanın payızı” adlanır və 70 il bundan öncə, 1954-cü ildə Gürcüstanda qələmə alınıb.
Payız küləkləri sərt əsən zaman,
Araqva boyunca eylədim səfər.
Burda laylasını çalırdı xəzan,
Yuxuya getmişdi dağlar, dərələr.
Narıncı, qırmızı, sarı yarpaqlar
Günəşin altında par-par yanırdı.
Hərdən yırğandıqca yorğun budaqlar
Qızıl pərəkləri ovxalanırdı.
Sanki bir yuxulu tovuz quşunun
Əlvan lələyini tökürdü xəzan.
Külək nəğməsini yazırdı onun,
Sonra yetişirdi bu gözəl dastan.
Gürcü gözəlləri bağlara çıxıb
Yığırdı narıncı, sarı limonu,
Güclü qanadını döşünə sıxıb
Küləklər susurdu payızın sonu.
Günəşi ilıqdı, havası safdı,
Durğundu baharda coşan çayları.
Ana qoynu kimi isti göründü
Mənə Gürcüstanın payız ayları.