Tiflisdə ilk mehmanxana XIX əsrin əvvəllərində — 1818-ci ildə açılıb. Həmin vaxta qədər şəhərdə mehmanxana funksiyasını karvansaralar daşıyırdı. Maraqlı tarixi faktdır ki, Tiflisin köhnə Qala məhəlləsində yerləşən ilk oteli açan Napoleon ordusunun Jan Pol adlı keçmiş əsgəri olub. Otel “Jan Polun mehmanxanası” adlanırdı. Soyadı məlum olmayan fransızın çox yaxşı kulinar olduğu bildirilir.
Tiflisdə o dövrdə açılan yeni mehmanxanaların bir ümumi xüsusiyyəti var idi ki, yerləşdiyi binalar mehmanxana üçün nəzərdə tutulmamışdı. Şəhərin mərkəzi hissəsində otel açmaq istəyənlər ən yaxşı binaları icarəyə götürməli olurdular.
XIX əsrin sonu XX əsrin əvvəllərində Gürcüstan paytaxtında mehmanxana biznesi ilə həm gürcü, həm də əcnəbi sahibkarlar məşğul idilər. Şəhərin “Mader”, “Vetsel”, “London” kimi ilk otellərinin açılması almanların adları ilə bağlıdır.
XX əsrin əvvəllərində, daha dəqiq isə 1906-cı ildə Tiflisdə “Bakı” adlı mehmanxana da fəaliyyət göstərib. Bu barədə həmin il üzrə “Bütün Tiflis” adlı sorğu-ünvan albomundan məlum olur.
Rusdilli nəşrin “Mehmanxanalar və mebelli nömrələr” bölməsində “Bakı” otelinin ünvanı belə göstərilib:
«Баку» Пушкинск. прот. Семинарии
“Bakı” Puşkinsk. Seminariyanın qarşısında
Tiflisin Puşkin küçəsində vaxtilə seminariyanın yerləşdiyi bina günümüzə qədər gəlib çatıb. Azadlıq meydanı yaxınlığında, Lado Qudiaşvili küçəsi 1 ünvanındakı bu bina Gürcüstanın Dövlət İncəsənət Muzeyinə aiddir.
Binanın maraqlı tarixçəsinə qısa nəzər salaq. 1835-ci ildə isveçrəli memar Cüzeppe Bernardazzinin layihəsi əsasında inşa olunmuş binada Tiflisin ən yaxşı mehmanxalarından biri yerləşib. 1840-cı ildə ruhani idarəsi binanı alıb və burada 1905-ci ilədək Tiflis Ruhani Seminariyası fəaliyyət göstərib. 1917-ci ildə binada “Çar nömrələri” (“Царские номера”), daha sonra “Palas Otel” adlı mehmanxanalar açılıb. 1930-cu ildə otel bağlanıb.
Bina 1952-ci ildə Gürcüstan İncəsənət Muzeyinə verilib. Tikilidə sonuncu dəfə əsaslı təmir işləri bundan iki il öncə — 1950-ci ildə aparılıb.
2009-cu ildə milli əhəmiyyətli mədəni irs abidəsi statusu verilən bina son illər olduqca qəzalı vəziyyətdədir. Gürcüstanın Dövlət İncəsənət Muzeyinin bu binada olan zəngin fondu muzeyin digər korpusuna daşınıb. Tarixi tikilinin bərpası texniki cəhətdən mümkünsüz hesab edilir. Binanın möhkəmləndirilməsi layihəsinin dəyişdirilməsi üzrə işlərin hazırda hansı mərhələdə olması açıqlanmır.
“Bakı” mehmanxanasının Tiflisdə qısa müddət ərzində fəaliyyət göstərdiyini ehtimal etmək mümkündür. Belə ki, 1906-cı ildən sonra şəhərə aid sorğu kitabçalarında bu adda otelə rast gəlinmir.
“Bakı” mehmanxanasının vaxtilə yerləşdiyi ərazini Tiflis Ruhani Seminariyasının yer aldığı arxiv fotoşəkillərdə görmək mümkündür. Tanınmış tiflisli fotoqraf Dmitri Yermakovun “Tiflis. Puşkin küçəsi, skver, karvansara və seminariya” adlı fotoşəklinə əsasən “Bakı” mehmanxanasının seminariyanın qarşısındakı karvansarada və yaxud Puşkin bağı ətrafında yerləşdiyini fərz etmək olar. Karvansara binası günümüzə qədər gəlib çatmayıb, Puşkin bağı isə böyük rus şairin büstü ilə birgə 1892-ci ildən mövcuddur.
Müasir Tbilisinin həmin hissəsində bu gün də mehmanxana yerləşir. Beşulduzlu “Paragraph Tbilisi” oteli 2023-cü ilin noyabrında istifadəyə verilib.
Aziz.ge Tbilisinin keçmiş“Bakı” mehmanxanası ilə bağlı yeni faktları üzə çıxarmaq üçün araşdırmalarını davam etdirəcək.