Bu gün Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Xəlil Rza Ulutürkün (1932-1994) anadan olmasından 92 il ötür. Yaradıcılığı vətənpərvərlik duyğuları ilə zəngin olan şair Azərbaycan ədəbiyyatı tarixinə istiqlal və üsyankar şair kimi daxil olub.
Xəlil Rza Ulutürk Gürcüstana da şeir həsr edib. Gürcü şairi Alio Mirtsxulavaya (1903-1971) yazılan şeir “Gürcü torpağı” adlanır.
Aziz.ge həmin şeiri təqdim edir.
Budur öyrənməli, gəzib görməli,
Duyub dərk etməli ən gözəl diyar;
Onun hər daşında, hər kərpicində
Gürcü dəsti-xətti, gürcü ruhu var.
***
Gəzirəm…
gözlərim dağda, aranda,
Bu torpaq nə qədər doğma görünür.
Xalq igid olanda, cəsur olanda
Onun sərçəsi də qartala dönür.
***
Dağların dalında dağlar pəhləvan,
Belində meşənin yaşıl kəməri.
Çapıq qayaların aralarından
Tökülür günəşin işıq dərzləri.
***
Bolnisi-Sion-nəhəng abidə,
On beş əsrdir ki, durub dağ kimi.
Qalxıb qanadlanır dörd tərəfində
Gül açan bağların bəyaz yelkəni.
***
Hələ Mtsxeti, Araqva üstə
Qədim Gürcüstanın qızıl paytaxtı.
Yandı parıl-parıl kəhkəşan kimi
Rustaveli vaxtı, Tamara vaxtı.
***
Seyr elə yamyaşıl sərv ağacını,
Dayanmış qəhrəman oğullar kimi.
Başında günəşin qızıl tacını
Daşıyır dünyaya hökmdar kimi.
***
Səni görmək üçün, ey dost diyarı,
Qartal dalğaları yorub gəlmişəm.
Kürün axarını üzü yuxarı
Qızıl balıq kimi yarıb gəlmişəm.
***
Gəlmişəm Qaradağ zirvələrindən
Mavi alov saçan o kəmər kimi.
Əlibayramlıdan Rustaviyəcən
Gələn ildırımlı naqillər kimi.
***
Gəlmişəm!
Qanımda qanın qaynasın,
Qəlbindən qoparıb alov ver mənə.
Gürcü göylərinin nəhəng aynası
Baxsın Azərbaycan üfüqlərinə.
***
Burda iftixarla çarpır ürəyim.
Köksüm kainatdır elə bil mənim.
İzin ver bu sözü gürcü tək deyim:
-Mənim Gürcüstanım! Mənim Vətənim!