Tbilisidə folklor festivalı başa çatıb, “Meydan” qrupu mükafatlandırılıb

Tbilisidə keçirilən Uşaq və Yeniyetmələrin Folklor Festivalına yekun vurulub.

Aziz.ge xəbər verir ki, ötən gün Tbilisi Dövlət Konservatoriyasında festivalın yekun konserti və iştirakçıların mükafatlandırılması mərasimi baş tutub.

Tədbirdə Gürcüstanın azərbaycanlı icmasını təmsil edən aşıq Nargilə Mehtiyevanın rəhbərlik etdiyi uşaq və yeniyetmələrdən ibarət “Meydan” qrupu da çıxış edib. Qrupun ifa etdiyi “Şahsevəni” aşıq havası tamaşaçıların alqışları ilə qarşılanıb. “Meydan” qrupu ənənəvi musiqinin inkişafına verdiyi töhfələrə görə xüsusi sertifikat və mükafata layiq görülüb.

Qrupa sertifikat və mükafatı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev təqdim edib. Onun sözlərinə görə, Gürcüstan dövləti ölkədə yaşayan bütün millətlərin nümayəndələri üçün öz mədəniyyət və incəsənətlərini təbliğ etməsi üçün şərait yaradıb və bu festival da bunun əyani göstəricisidir. Bu cür mədəni tədbirlərin davamlı olacağına ümidvar olduğunu qeyd edən səfir festival təşkilatçılarına minnətdarlığını bildirib, iştirakçı kollektivləri təbrik edərək onlara uğurlar arzulayıb.

Tbilisi Şəhər Şurasının Təhsil və Mədəniyyət Komissiyasının sədri Kaxa Labuçidze çıxışında Gürcüstan paytaxtının çoxmillətli və çoxmədəniyyətli şəhər olduğunu söyləyib. O, etnik azlıqların folklor ansamblarının builki festivalda da iştirakının vacibliyini vurğulayıb.

Komissiya sədrinin sözlərinə görə, bu il iştirakçıların sayı artıb və iki il ərzində festivala mindən çox musiqiçi və ifaçı qatılıb.

Qeyd edək ki, Tbilisi Uşaq və Yeniyetmələrin Folklor Festivalı şəhər meriyası və şurasının dəstəyi ilə artıq üçüncü ildir təşkil olunur. Məqsəd Tbilisidə fəaliyyət göstərən dövlət və qeyri-dövlət yaradıcı kollektivlərin təbliği və təşviqidir.