Azərbaycan xalqının qabaqcıl fikirli nümayəndələrinin yetişdirilməsində müstəsna xidmətləri olmuş Zaqafqaziya Müəllimlər Seminariyasında tatar (Azərbaycan) bölməsinin açılmasından 145 il ötüb. Həmin şöbə 1879-cu ilin sentyabr ayında fəaliyyətə başlayıb.
Bölmənin yaradılması böyük ədibimiz Mirzə Fətəli Axundov və maarifpərvər din xadimi Mirzə Hüseyn Əfəndi Qayıbovun səyləri sayəsində mümkün olub. Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə, Səfərəli bəy Vəlibəyov, Süleyman Sani Axundov, Fərhad Ağazadə və başqaları Qori seminariyasının ən şöhrətli məzunlarındandır.
Azərbaycan bölməsinin ilk buraxılışı 1882-ci ilə təsadüf edib. 1918-ci ildə seminariyanın bağlanmasından sonra şöbə Qazax rayonuna köçürülüb.
Keçmiş Qori seminariyasının binası bu gün də təhsilə xidmət edir. Qori şəhərinin Samepo küçəsi 5 ünvanında yerləşən tikilidə Gürcüstanın təhsil ocaqlarından biri — Müqəddəs ata Giorgi Mtatsmindeli adına gimnaziya fəaliyyət göstərir.
Aziz.ge oxucularına ümumtəhsil müəssisəsi olan gimnaziya haqqında ətraflı məlumatı təqdim edir.
Gimnaziya binasının qarşısında Gürcüstan bayrağı ilə yanaşı Gürcüstan Pravoslav Kilsəsinin bayrağı da dalğalanır. Təhsil müəssisəsi 2000-ci illərin əvvəllərində Gürcüstan Patriarxılığının nəzdinə verilib. Binada bərpa işləri aparılıb, gimnaziya 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb, 2010-cu ildən qeyri-kommersiya hüquqi şəxs statusuna malikdir.
Qeyd edək ki, Samepo (Çar) gimnaziyanın yerləşdiyi küçənin tarixi adıdır və əsrlər boyu dəyişdirilməyib.
Gürcüstanın milli təhsil proqramında nəzərdə tutulmuş fənlərlə yanaşı gimnaziyada qədim gürcü dili, xristian mədəniyyətinin tarixi, gürcü xalq mahnıları və dini nəğmələr, gürcü rəqsləri də tədris olunur. Təhsil alanlar üçün müxtəlif peşələrə yiyələnmək imkanları da yaradılıb. Təbiətşünaslıq, ağac üzərində oyma, rəssamlıq, ədəbiyyat və teatr, nəğmə, xalq alətləri və rəqsləri dərnəkləri də fəaliyyət göstərir.
Məktəb binasında 33 tədris sinifi, kompüter otağı, laboratoriya, akt və idman zalı, emalatxana və kitabxana yerləşir.
Gimnaziyanın dəhlizlərindəki divarlarda Qori seminariyasının müxtəlif illərin məzunlarının fotoşəkillərini görmək mümkündür. Onların arasında azərbaycanlı məzunların yer aldığı fotolara rast gəlinmir. 2016-cı ildə seminariyada muzeyin açılacağı və orada azərbaycanlı məzunların da fotoşəkillərinin sərgilənəcəyi barədə məlumatlar yayılmışdı. Gimnaziyanın rəsmi saytında təhsil ocağında muzeyin olmasına dair məlumata rast gəlinmir.
Sonda bəzi təkliflərlə çıxış etmək yerinə düşər. Gələn il Qori seminariyasının ən şöhrətli azərbaycanlı məzunu, görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin anadan olmasından 140 il ötəcək. Yubileyə həsr olunacaq tədbirlər planına Ü.Hacıbəylinin xatirəsinin təhsil aldığı Qori şəhərində əbədiləşdirilməsi məsələsi də daxil edilə bilər. Bu məqsədlə Qori gimnaziyası binasının fasadına Ü.Hacıbəylinin bu təhsil ocağında təhsil aldığını bildirən barelyef vurula və ya sinif otaqlarından birinə bəstəkarın adı verilə bilər, yaxud da şəhər küçələrindən birinin onun şərəfinə adlandırılması təşəbbüsünü irəli sürmək olar. Qoridə Ü.Hacıbəylinin əsərlərindən ibarət konsertin də təşkili dahi bəstəkarın əziz xatirəsinə həsr olunacaq ən əlamətdar mədəni tədbirlərdən biri ola bilər.
Fotolar Aslan Bağırovundur