Aziz.ge 1889-1895-ci illərdə Tiflisdə İranın baş konsulu vəzifəsində çalışmış Mirzə Rza xan İrəvaninin (1846-1939) Borjomidə tikdirdiyi “Firuzə” sarayı haqqında məlumat təqdim edib.
Bu dəfə oxucuları tikilinin inşa tarixçəsi haqqında maraqlı tarixi faktlarla tanış edirik. Həmin faktlar Mirzə Rza xan İrəvaninin xatirələrində yer alıb.
Xatirələrdə “Firuzə” sarayının hansı vəsaitə və kimlərin məsləhəti ilə inşa olunduğundan söhbət açılır.
“İki ilin xidmətindən sonra mərhum Nəsrəddin şahın sərəncamı yadıma düşdü. Pasportların pulu hər tərəfdən yağış kimi yağırdı və dövlət bankında əməlli-başlı məbləğ yığılmışdı. İranlı tacirlərdən məsləhət vermələrini istədim, pulu etibarlı yer olaraq hara qoya biləcəyimi soruşdum. Dedilər:
– Pulun kapital qoyuluşunun ən yaxşı yeri torpağı mülkiyyətə çevirməkdir. Yaxşı gələcəyi olan Tiflisdə və Borjomidə torpaq alın.
Bu məsləhət ağlıma batdı. Bir dəfə bizə iranlıların yaxın dostu Mirzə Məhəmməd Əli xan gələrək dedi:
– Niyə tələsirsiniz, öz yolumuzla getməyi bizə məsləhət görən ərəblərə niyə baxmırsınız? İranda eşitsələr, Tiflis konsulluğunun bu qədər gəliri var, hamısı bura gəlmək istəyəcək. Xarici İşlər Nazirliyində Yəhya xan kimi olanlar, bura gəlsə, sizə bir şey qalmaz. Yaxşı olar ki, pulu bankda saxlayın və aksiyalar alın.
Ona cavab verdim:
– Sakitləşin. Gizli bir şeyim yoxdur. Çünki bu torpağı şahın əmrinə uyğun olaraq alıram.
Ətrafında da çoxlu çay və mineral suların olduğu Borjomidə sanballı məbləğə torpaq aldım, İran qaydasında “Firuzə” hotelini inşa etdirdim. Yapışdırılmış heykəl və güzgü ustasını Qəzvindən gətirtdim, iranlı rəssamı isə Bakıdan. Onlar hotelin qapılarının üstündə bərkidilmiş çənə daşı piltələrində qızılı yazılmış şeiri həkk etdilər. Birinci qapıda bu şeir idi:
1300-dən doqquz il keçmişdi,
Bu kiçik evi və bağı
Dostlar və yaxınlar “Firuzə” adlandırdılar,
O, Mirzə Rza Xanın yadigarı olaraq qaldı.
—
O biri qapıda isə bu şeir yazılmışdı:
Sədi deyib: “Yaxşısı odur ki, insan
Yaxşı ad qoysun, nəinki qızıl saray.
Mirzə Rza Xan isə bu dünyada
Yaxşı ad, eləcə də qızıl saraylar qoyub gedəcək”.
Borjominin kiçik təpəsində Gürcüstanın məşhur çarı Tamarın sarayı ilə üzbəüz yayla üçün gözəl bir düzənlik şeçdim ki, burdan da möhtəşəm mənzərə baş alıb gedirdi. Oralar imperatorun əmisi böyük knyaz Mixailə məxsus olduğundan və satılmadığından, nə də hədiyyə olunmadığından bir düz olan yeri və bağı həmişəlik kirayə etdim. Orda İran qaydasında ev tikdirdim və daş piltəyə bu xronoqramı həkk etdirdim:
Ərfəüddövlə möhtəşəm Borjomidə
Onun adı ilə ucalan kiçik bir təpə seçdi.
O, “Daneşabad” adlandırılmalıdır,
Çünki Mirzə Rza Xanın bu dünyada yadigarıdır”.
Xatırladaq ki, “Firuzə” sarayı 1892-ci ildə inşa olunub. Tikli Borjominin əsas rəmzlərindən biridir. 2016-cı ildə tarixi bina bərpa edilib, hazırda tikilidə otel yerləşir. Unikal mədəniyyət abidəsinin bərpası və mehmanxananın yaradılmasına 2 milyon ABŞ dolları həcmində investisiya yatırılıb.
Əvvəli:
Həmçinin oxu:
“Almaz sarayı” – Mirzə Rza xan İrəvaninin Tbilisidəki evi, Şərq üslubunda bənzərsiz bina