Gürcüstanın Azərbaycandakı ilk səfirlərindən biri Qriqol Alşibaya — Həkim, diplomat, ABŞ-yə köçmüş siyasi mühacir  

Qriqol Alşibaya (1881-1957) ixtisasca həkim olsa da, Gürcüstan tarixinə daha çox siyasətçi və diplomat kimi daxil olub. O, 1920-1921-ci illərdə Gürcüstanın Azərbaycandakı diplomatik nümayəndəsi vəzifəsini tutub.

Aziz.ge Q.Alşibaya haqqında gürcü mənbələrinə istinadla ətraflı məlumat təqdim edir.

Q.Alşibaya Milli Demokrat Partiyasının, Gürcülər arasında maarifin yayılması Cəmiyyətinin Kutaisi bölməsinin üzvü olub. O, Azərbaycanda səfir postunda sələfi Nikoloz Kartsivadzeni əvəzləmişdi. Gürcüstanın Azərbaycandakı ilk səfiri olmuş N.Kartsivadze 1920-ci ildə Gürcüstan Demokratik Respublikasının xarici işlər nazirinin müavini vəzifəsinə təyinat almışdı.

Qriqol Alşibaya

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet işğalı dövründə Q.Alşibaya və Bakıdakı digər gürcü diplomatlar həbs və zorakılığa məruz qalıblar. Bununla bağlı həmin dövrün gürcü mətbuatında Q.Alşibayanın bəyanatı dərc olunub. O, Gürcüstanın diplomatik missiyasının üzvlərinin məruz qaldıqları kobud davranışları ətraflı təsvir edib və baş verənlərə kəskin etirazını bildirib. Qeyd edək ki, Q.Alşibayanın həmin bəyanatı haqqında ayrıca məqalədə məlumat veriləcək.

Q.Alşibaya 1921-ci ildə Gürcüstan Demokratik Respublikasının süqutundan və ölkənin sovetləşdirilməsindən sonra Fransaya mühacirət edib. O, Parisdə nəşr olunan “Müstəqil Gürcüstan” adlı mühacirət qəzetində məktublar dərc etdirib, Varşavada qəzetin Qafqaz bölməsinin rəhbəri olub.

Almanların Varşavanı işğalından sonra Q.Alşibaya burada yaradılan Qafqaz komitəsinə başçılıq edib. 1943-cü ilin payızında hərbçi və əsirlərin məsələlərinin həlli üçün yaradılmış ittifaq qərargahının rəhbərlərindən biri olub.

Q.Alşibaya ikinci Dünya müharibəsindən sonra ailəsi ilə birgə ABŞ-yə köçüb və orada vəfat edib.   

Q.Alşibayanın fotoşəkilləri Gürcüstanın Milli Parlament Kitabxanasının “Xaricdəki gürcülər” adlı kolleksiyasında saxlanılır. Aşağıdakı fotoşəkildə Q.Alşibaya ilə birgə 1921-ci ildə Fransaya mühacirət etmiş və 1953-1954-cü illərdə Gürcüstan Demokratik Respublikasının sürgündəki hökumət başçısı Yevgeni Gegeçkori (1882-1954) yer alıb.

Həmçinin oxu: