Gürcüstanda vaxtilə kəlağayı istehsal edilib —“Sovnarxoz”un bərpa etmək tapşırığı niyə yerinə yetirilməyib?  

Bu gün Azərbaycan kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən 10 il ötür.

Milli qadın baş örtüyümüz sovet dövründə Gürcüstanda da istehsal edilib və ona tələbat yüksək olub. Kəlağayının istehsalı ilə bağlı illik planlar da müəyyən edilib, 1962-ci il üzrə planın yerinə yetirilməməsi Gürcüstan SSR-də böyük həcmdə itkilərə səbəb olub.  

Bu barədə vaxtilə Tbilisidə nəşr olunan “Zarya Vostoka” (“Şərqin şəfəqi”) qəzetinin 9 yanvar 1963-cü il tarixli sayında “İtirilmiş milyonlar” başlıqlı məqalədən məlum olur.

“Kəlağayı tamamilə yoxa çıxıb”

Müəllifi Gürcüstan SSR-nin Dövlət Planının maliyyə və maya dəyəri şöbəsinin rəisi Q.Lordkipanidze olan məqalədə deyilir ki, artıq bir müddətdir respublikanın ticarət şəbəkələrində böyük tələbat olan qadın baş örtükləri (kəlağayı adlandırılan) tamamilə yoxa çıxıb, paltar rezini də defisit məhsula çevrilib. Elə vaxtlar olur ki, onu günorta vaxtı çıraqla tapmaq olmur.

“Kimsə deyə bilər ki, kəlağayı və rezin boş şeylərdir. Bəli, lakin bu “boş şeylər” respublikaya artıq milyonlarla rubla başa gəlib”, – müəllif yazıb.

Məqalədə bunun necə baş verdiyi barədə olduqca kədərli, lakin ibrətamiz hekayə ətraflı şəkildə oxuculara çatdırılıb.

İllik plan: 40 min ədəd kəlağayı

Məlum olur ki, Gürcüstan SSR-nin Dövlət Planı Respublika Xalq Təsərrüfatı Şurası (“Sovnarxoz”) Tekstil idarəsi üçün 1962-ci il üçün plan müəyyən edib. Plana əsasən, 40 min ədəd baş örtüyü və 120 min metr paltar rezini istehsal olunmalı idi. Lakin plan yerinə yetirilmir.

Kəlağayıların istehsal olunduğu yer yararsız olduğundan Gürcüstanın “Sovnarxoz”u 1962-ci ilin yanvarın 8-də Prodolnaya küçəsi 1 ünvanında yerləşən sexin bağlanması haqqında qərar qəbul edib. Tekstil Sənayesi İdarəsinə isə bu məhsulun istehsalını digər yerdə təşkil etmək həvalə edilir.

İstehsalın tam dayandırılması

Lakin idarə rəhbərliyi başqa qərara gəlir: Yuxarı orqanlarla razılaşdırmadan 1962-ci ilin martın 10-da həm kəlağayı, həm də rezinin istehsalını tam dayandırır. Bu, əlbəttə ki, qısa bir zamanda hiss olunur, baş örtükləri və paltar rezininin yüksək təlabat olan məhsul kimi istehsalının mütləq bərpası məsələsi qaldırılır.

Dövlət Planının məktubunda qeyd olunur ki, kəlağayılar yalnız ipək sənayesinin tullantılarından hazırlanır ki, bunun da böyük əhəmiyyəti var.

Dərhal bərpa edilsin” tapşırığı

“Sovnarxoz” Tekstil Sənayesi İdarəsinin rəhbərliyinə tapşırır ki, baş örtükləri və rezinin istehsalı dərhal bərpa edilsin və 1962-ci il planında nəzərdə tutulan sayda istehsal olunsun. Lakin idarə bu tapşırığa sadəcə məhəl qoymur. Nəticədə təxminən 70 ton tekstil sənayesi tullantısı respublikanın hüdudlarından kənara göndərilir. İdarə üstəlik baş örtüklərinin istehsalının təşkil olunduğu xüsusi sexi də özbaşına ləğv edir.

Zərər böyük olub

Kəlağayı istehsalının dayandırılmasının zərəri böyük olub. Belə ki, “Sovnarxoz” 1 020 rubl, Gürcüstan İstehlak Kooperativlərinin Mərkəzi İttifaqı olan “Tsekavşiri” təqribən 200 000 rubl itirib.

Tekstil Sənayesi İdarəsi kəlağayıların əvəzinə bahalı xammaldan kiçik ölçüdə ipəkdən şəkilli baş örtüklərini istehsal etmək qərarına gəlir. Lakin əhali arasında bu baş örtüyünə tələbat olmadığından istehsala başlanılmır.

Kəlağayı istehsalından imtina

Yaradılan xüsusi komissiya qısa vaxt ərzində ipək sənayesi tullantılarından kəlağayı istehsalının məqsədəuyğunluğu haqqında rəy verir. Tekstil Sənayesi İdarəsinə kəlağayı və rezin istehsalını dərhal bərpa etmək tapşırılır.

Beş aydan sonra idarənin rəisi N.Kipiani Dövlət Planı və “Sovnarxoz”a cavab verir. O, paltar rezininin istehsalına razı olur, lakin kəlağayı istehsalından qəti surətdə imtina edir.

Şöbə rəisi məqaləsinin sonunda qeyd edib ki, Gürcüstan SSR-in “Sovnarxoz”u Tekstil Sənayesi İdarəsi qarşısında istehlak mallarının istehsalının artırılmasına yönəlmiş qərarların qeyd-şərtsiz yerinə yetirilməsi ilə bağlı öhədilik qoymalıdır.

Aziz.ge