Tbilisidə Borçalı xalçasının kəsimi mərasimi keçirilib — Fotolar

Tbilisidə Qarabağ və Borçalı xalçalarının sərgisi açılıb.

Aziz.ge xəbər verir ki, tədbiri “Axundov Qalereyası”nda Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi təşkil edib.

Muzeyin direktor müavini Leyla Əliyeva çıxışında deyib ki, sərgi beş gün ərzində davam edəcək.

O, Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə muzeydə həyata keçirilən “Əllə toxunan xalçalar-ənənənin qorunması” layihəsi barədə danışıb. Bildirib ki, sərgidə layihə çərçivəsində ərsəyə gətirilən əl işləri də nümayiş etdirilir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacıyev də çıxış edərək tədbirin təşkilinə və layihənin reallaşdırılmasına görə muzeyə minnətdarlığını ifadə edib. O, dost Gürcüstanda soydaşlarımız arasında xalçaçılıq ənənəsinin yaşadılması istiqamətindəki layihələri yüksək qiymətləndirib, Gürcüstanın Mədəniyyət Nazirliyinə dəstəyə görə təşəkkürünü bildirib.  

Diplomatın sözlərinə görə, Şuşa şəhəri bu il “İslam dünyası mədəniyyətinin paytaxtı” elan olunduğundan səfirliyin təklifi əsasında layihə çərçivəsində Şuşa xalçası da toxunur.

Toxunma prosesi davam edən xalça da tədbirdə sərgilənib.

Çıxışlardan sonra qonaqlar Borçalı xalçasının dəzgahdan kəsimi mərasimində  iştirak ediblər. Sonda “Melita” rəqs studiyasının tədbir üçün xüsusi hazırladığı “Bəri bax” rəqsi ifa olunub. Rəqs məmnunluq və alqışlarla qarşılanıb.

Tədbirə qatılanlar arasında Qazaxıstan səfirliyinin nümayəndəsi, azərbaycanlı və türk iş adamları, azərbaycanlı gənclər və media təmsilçiləri olub.

xalça1 (14)
xalça1 (2)
xalça1 (7)
xalça1 (6)
xalça1 (4)
xalça1 (5)
xalça1 (1)
xalça1 (3)
xalça1 (10)
xalça1 (8)
xalça1 (11)
xalça1 (9)
xalça1 (12)
xalça1 (13)