Nizami Gəncəvinin Gürcüstandakı barelyefi ilkin görkəmini itirib, bərpasını gözləyir

Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin adını daşıyan küçənin başlanğıcında böyük şairin barelyefi yerləşir. Küçənin adını da məhz bu xatirə barelyefi bildirir, belə ki, küçə boyu ünvan lövhələrinə rast gəlinmir.

2012-ci ilin dekabrında açılan mozaika ilə işlənmiş barelyefin bərpaya ehtiyacı yaranıb. İlkin görkəmi ilə müqayisədə barelyefin rəngində solğunluqla yanaşı, bəzi hissələrində mozaik daşların qopması da müşahidə olunur. İldən-ilə barelyefdə qopmaların miqyası genişlənir.

Barelyefin 2012, 2021 və 2024- cü illərdəki görünüşü

Barelyef vaxtilə Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə hazırlanıb. Barelyefin bu günədək dövlət qeydiyyatına alınıb-alınmaması məlum deyil. Hər halda qeydiyyata alınsaydı, diqqətdən kənarda qalmazdı. Barelyefin təmir-bərpası məsələsini azərbaycanlı icma təşkilatları gündəmə gətirməli, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri də dəstəklərini əsirgəməməlidirlər.

Barelyefin ilkin görkəmi. 2012-ci il

Bu il Nizami Gəncəvinin vəfatından 815 il ötür. Gürcüstanda şairin barelyefinin bərpası və ətrafının abadlaşdırılması onun xatirəsinə böyük ehtiram göstəricisi olardı.