Vətən viran olsa da, O cənnətdən gözəldi – Borçalı bayatılarından  

Qara yazı,

Sərt olar qar ayazı,

Məskənim Lök dərəsi,

Oylağım Qarayazı.

***

Əzizizm, Qarabağı,

Qış tutar qara bağı.

Bir tərlan itirmişəm

Boynunda qara bağı.

***

Payız qışdan əzəldi,

Yarpaq tökən xəzəldi,

Vətən viran olsa da,

O cənnətdən gözəldi.

***

Bu oba Sadaxlıdı,

Çörəkli, qonaxlıdı.

O gözələ söz dömə,

Özgəyə adaxlıdı.

***

Sadaxlıyam, mərdəm mən,

Vəfalıyam hər dəm mən.

Dostlarıma can qurban,

Düşmənlərə dərdəm mən.

***

Şamdüyənin* başı yansın,

Ətəyinin daşı yansın,

Məni yardan ayranın

Ürəynin başı yansın.

___________

*Dmanisidə dağ adı

Bayatılar 1996-cı ildə nəşr olunmuş “Azərbaycan folkloru antologiyası. Borçalı folkloru” kitabındandır.