“Eksküzima Rustam bey, hazır gəlim, yoxsa?”
“Permete, permete… Mən özüm də meymuna oxşayıram, amma bir o qədər yox”
“Bax, biz burda oturub şərab içirik, Məşədi İbad isə çay içir. Deməli, Məşədi İbad nədir? Məşədi İbad överitable müsülman. Yəni, Məşədi İbad əsl müsəlmandır”.
“O olmasın, bu olsun” filminin məşhur sitatlarının müəllifi “intelligent” Həsən bəyin – görkəmli teatr və kino aktyorumuz, Xalq artisti Mustafa Mərdanovun (1894-1968) anadan olmasından 131 il ötüb. O, 1894-cü ilin fevralın 28-də Tiflisdə anadan olub.
M.Mərdanov aktyor kimi ilk addımlarını Tiflis Azərbaycan teatrında atıb, məhz bu teatrda peşəkar sənətkar kimi yetişib.
Aktyor xatirələrində yazır ki, tacir olan atası Hacı Həşim və əmisi Əbdülməmməd Mərdanovlar Tiflisdə Azərbaycan teatrının tərəqqisi üçün əllərindən gələni əsirgəmirdilər və onlar hətta özləri bazarda tamaşalara biletləri satırdılar.
Mustafa Mərdanov xatirələrində doğma Tiflis şəhərininin təsvirini də verib. Onun yazdıqlarına əsasən, vaxtilə şəhərin yığıncaqları muğamsız keçməzdi:
“Mən 1894-cü ildə Tiflisdə anadan olmuşam. Evimiz Tiflisin gözəl və səfalı yerlərindən biri olan Kür sahilindəki Vorontsov küçəsində (indiki Qorqasali küçəsi) idi. Hələ gənc ikən bu şəhərin məğrur zəhmət adamları, təbiəti məni məftun etmişdi. Uzaqdan, yüksəkdən görünən Şeyx Sənan ilə Tamaranın abidəsinə, Kür çayı ilə iki hissəyə ayrılmış Tiflisin gözəl mənzərəsinə baxmaqdan doymurdum.
… Ortaçalada – Kürün sahilində Əbdül Bağı Zülalovun “Ay bəri bax, bəri bax” təsnifi, Məcid Behbudovun “Qaçaq Nəbi” təsnifi, Baqratın “Şur” dəsgahı, Sevinin kamançasının “Segah”ı, Bala Qriqor oğlunun “Çargah”ı, məşhur kintolardan Sako ilə Arşakın orqanlarının səsi Kür çayının şırıltısına qarışaraq şəhər yığıncaqlarına xüsusi vüsət və gözəllik verirdi”.
Aziz.ge