Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin iş otağı təmir-bərpadan sonra açılıb

Gürcüstan Yazıçılar Birliyinin (GYB) binasında Azərbaycan bölməsinə aid iş otağında təmir-bərpa işləri yekunlaşıb.

Aziz.ge xəbər verir ki, layihə Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.

Bu gün otağın rəsmi açılış mərasimi keçirilib. Tədbirdə TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Zeynep Bayrak, GYB-nin həmsədri Bağatur Arabuli, Azərbaycan bölməsinin sədri Allahverdi Təkləli iştirak ediblər.

Təmir-bərpa işləri ilə yanaşı, otaqda yerləşən inventar da yenilənib, məkan zəruri avadanlıqlarla təchiz edilib.

GYB həmsədri otağın əsaslı şəkildə yenidən qurulmasını təşkilat üçün böyük hədiyyə adlandırıb. B.Arabuli TİKA-ya GYB rəhbərliyi adından təşəkkürünü bildirib.

TİKA rəsmisi öz növbəsində Azərbaycan bölməsinin iş otağının yenilənməsi işinə göstərilən dəstəkdən məmnunluq ifadə edib. Z.Bayrak otaqda Türkiyə, Gürcüstan və Azərbaycan arasında ədəbi sahədə əlaqələrin gücləndirilməsinə yeni töhfələrin veriləcəyinə ümidvarlığını bildirib.

A.Təkləli də çıxış edərək otağın əsaslı təmir və bərpasına görə TİKA-ya minnətdarlığını bildirib. O, həmçinin qeyd edib ki, təşkilatın dəstəyi ilə Azərbaycan bölməsinin “Körük” adlı ədəbi jurnalı çapa hazırlanıb və nəşrin gələn həftə işıq üzü görəcəyi gözlənilir.

Qeyd edək ki, GYB-də Azərbaycan bölməsi 2017-ci ildə yaradılıb. Bölməyə aid iş otağı şəraitsiz olub, bərpaya ehtiyacı var idi.

Mənbə: Teleqraf