Tbilisidə Gürcüstan Yazıçıları Birliyinin Azərbaycan bölməsinin “Körük” adlı ədəbiyyat və sənət jurnalının ilk sayının təqdimat mərasimi keçirilib.
Aziz.ge xəbər verir ki, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində baş tutmuş tədbirdə bölmənin rəhbəri, dərginin baş redaktoru Allahverdi Təkləli, türkiyəli şair Aytekin Karpaça, azərbaycanlı ziyalılar və qələm adamları iştirak ediblər.
Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə 300 nüsxədə işıq üzü görmüş nəşrdə Gürcüstanın azərbaycanlı şair və yazıçıların əsərləri ilə yanaşı, müasir Azərbaycan, gürcü və dünya ədəbiyyatının nümunələri də yer alıb.
A.Təkləlinin sözlərinə görə, “Körük” dərgisinin məqsədi Gürcüstanın azərbaycanlı icmasının ədəbi irsini qoruyub saxlamaq, təbliğ etmək və yeni qələm sahiblərini cəmiyyətə tanıtmaqdan ibarətdir. O, TİKA-ya dəstəyə görə təşəkkürünü bildirib, jurnalın il ərzində iki ayda bir dəfə çıxacağını qeyd edib.
Sonda aşıq Nargilə Mehtiyeva ifalarını təqdim edib, müxtəlif şeir nümunələri oxunub.
Mənbə: Teleqraf