Qurban Səidin dünyaca məşhur “Əli və Nino” romanının baş qəhrəmanlarının real prototipləri haqqında bir sıra mülahizələr irəli sürülüb.
Əli xan Şirvanşir və Nino Kipiani cütlüyünün gürcü prototipləri də mövcuddur. Onlar Aleksandr Sakandelidze və Nino Kipianidir.
Gürcüstan mənbələrinə əsasən, A.Sakandelidze 1900-cü ildə 16 yaşı olarkən Bakıya köçüb. O, Bakıda neft quyularının sahibi və zəngin insan olub. 1916-cı ildə gürcü zadəgan ailəsinin üzvü Nino Kipiani ilə ailə həyatı qurub. Cütlük 1920-ci ilədək Bakıda yaşayıb. Onların 4 övladı dünyaya gəlib, biri – Cansuq adlı oğulları Bakıda anadan olub.
A.Sakandelidze Bakıda fəaliyyət göstərən Gürcülər arasında maarifin yayılması Cəmiyyətinin həqiqi üzvü olub.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra A.Sakandelidze var-dövlətini itirir, lakin bir çoxları kimi ölkəni tərk etmir. Daha sonra ailəsi ilə birgə özünün və həyat yoldaşının doğma kəndi İnaşauriyə qayıdır. İnaşauri Gürcüstanın ən qədim kəndlərindən biridir, İmereti bölgəsinin Van bələdiyyəsində yerləşir. “Əli və Nino” romanının qəhrəmanı Nino Kipiani də məhz bu kənddəndir.
Sakandelidze İnaşauri kənd kolxozunda mühasib kimi çalışıb. Onun 1954-cü ildə 70 yaşında vəfat etdiyi, bəzi mənbələrə əsasən isə kommunistlər tərəfindən qətlə yetirildiyi bildirilir.
“Əli və Nino”nun gürcü prototiplərinin məzarları İnaşauri kənd kilsəsinin həyətində yerləşir. Məbədi A.Sakandelidze var-dövlətindən məhrum olmamışdan öncə öz vəsaiti hesabına inşa etdirib. Onların məzarları haqqında ötən il Gürcüstanın “İmedi” telekanalında yayımlanan “Əli və Ninonun gürcü prototipləri” adlı süjetdə bəhs edilib.
Gürcüstan arxivlərində A.Sakandelidze və N. Kipianinin Bakıda çəkdirdikləri fotoşəkilləri qorunub saxlanılır. Onlar Bakıda vaxtilə fəaliyyət göstərmiş rəssam L.Q. Breqadzenin portretlər və fotoşəkillər atelyesində çəkilib.