Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycanın ilk Baş naziri Fətəli xan Xoyskinin (1875-1920) qətlindən 105 il ötür. Görkəmli siyasi xadim 1920-ci ilin iyunun 19-da Tbilisidə “erməni soyqırımı”na görə intiqam aktını həyata keçirən “Nemezis” əməliyyatı çərçivəsində “Daşnaksütyun” partiyasının üzvləri olan terrorçular – Aram Yerkanyan və Misak Kirakosyan tərəfindən öldürülüb. Xoyskinin məzarı Tbilisinin Nəbatat bağı ərazisindəki görkəmli azərbaycanlıların panteonunda yerləşir.

Xoyskinin qətli barədə əksər azərbaycandilli mənbələrdə onun Tbilisinin o vaxtkı İrəvan (hazırkı Azadlıq) meydanı və yaxud keçmiş Qolovin (indiki Rustaveli) prospektində Tbilisi Opera və Balet Teatrının binası yaxınlığında güllələndiyi və onun hadisə yerində öldüyü iddia edilsə də, qətldən üç gün sonra Gürcüstanda o zaman nəşr olunan qəzetlər bu iddiaları təkzib edir. 1920-ci ilin iyunun 19-u həftənin şənbə günü olub və qəzetlər hadisə barədə məlumatı yalnız çərşənbə axşamı – iyunun 22-də yayıblar.
Qətl hadisəsi haqqında məlumatlara gürcüdilli “Sakartvelos Respublika” (“Gürcüstan Respublikası”) və “Kommunist” qəzetlərinin 1920-ci il 22 iyun tarixli saylarında rast gəlinir. Eyni “Xan Xoylunun qətli” başlıqlı və təqribən eyni məzmunlu məlumatlara əsasən, Fətəli xan Xoyski iyunun 19-da gecə saat 11-də Tiflisin Feodosiya küçəsində tapanсa ilə vurulub, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
“Sakartvelos Respublika” qəzetindəki həmin xəbər:
“Şənbə günü (19 iyun) ikinci rayonun komissarı Tiflis şəhər milisi, şəhər rəhbərliyi, rayon məhkəməsi prokuroru, yoldaş prokurora və birinci rayonun müstəntiqinə bu məlumatı verib:
Bu gün gecə saat 11-də Feodosiya küçəsində cinayətkarlar Azərbaycanın keçmiş naziri Xan Xoylunu tapanca ilə ağır yaralayıblar. İstintaq davam edir. Cinayətkarların müəyyən edilməsi üçün tədbirlər görülüb. Hökumət üzvləri Feodosiya küçəsində baş vermiş cinayət barədə dərhal məlumatlandırılıb. Qətlin mümkün qədər təfərrüatlarını araşdırmaq və aydınlaşdırmaqla bağlı qəti əmr verilib. İstintaq başa çatandan sonra hökumətin iş üzrə hesabatı olacaq.
Xan Xoylu saat 12 radələrində Mixeil xəstəxanasına çatdırıldı. Onun huşu qayıtmadı və iyunun 20-də səhər saat 4-də dünyasını dəyişdi. Meyiti iyunun 21-də səhər saat 11-də təhvil verildi. Mərhum müsəlman qəbirstanlığında dəfn olundu. Xan Xoylunun yol yoldaşı Xəlil Xasməmmədov yüngül yaralar alıb, vəziyyəti yaxşılaşır”.
“Kommunist” qəzetinin məqaləsində isə Xoyskini yolda müşayiət edən bir qadının da yüngül yaralandığı yazılıb. Həmin qadının kimliyi qeyd edilməyib.
Hadisənin baş verdiyi küçə
Xoyskinin qətlinə şahidlik etmiş Feodosiya küçəsi Tbilisinin hazırkı Mtatsminda rayonundakı Vano Saracişvili küçəsinin keçmiş adıdır. Mərkəzi Rustaveli prospekti yaxınlığında yerləşən küçəyə bu ad 1910-cu ildə müqəddəs Feodosi Çerniqovski adına rus pravoslav kilsəsinin inşasından sonra verilib. Küçə Feodosiya adını 1923-cü ilədək daşıyıb.

Küçəyə 1960-cı illərin əvvəllərində Gürcüstanın Xalq artisti, opera müğənnisi Vano Saracişvilinin adı verilib. Rus pravoslav kilsəsi isə 1920-ci illərin ortalarına qədər fəaliyyət göstərib. Sovet dövründə kilsədə Tbilisi Tarix Muzeyi, Şahmat Sarayı və digər təşkilatlar yerləşib. Keçmiş kilsə binası günümüzə qədər gəlib çatıb, burada müxtəlif özəl şirkətlərin ofisləri yerləşir.


Xoyskinin son nəfəsini verdiyi xəstəxana
Mixaylov xəstəxanası Tiflsin ilk şəhər xəstəxanası olub. Tikintisi 1865-ci ildə başa çatıb, xəstəxana kimi rəsmən 1868-ci ilin noyabrın 8-də təsis edilib. 1882-ci ildə Mixaylov adı verilib. Yerləşdiyi küçə də bu adı knyaz Mixail Nikolayeviç Romanovun şərəfinə daşıyıb. 1918-ci ildə marksist filosof Georgi Plexanovun şərəfinə Plexanov prospekti adlandırılıb, 1990-cı ildə isə David Ağmaşenebeli adı verilib. 2009-2011-ci illərdə prospekt əsaslı şəkildə bərpa olunub.

Keçmiş Mixaylov xəstəxanasının binası yerli əhəmiyyətli tarixi-mədəni irs abidəsi statusuna malikdir. Günümüzə qədər gəlib çatıb, David Ağmaşenebeli küçəsi 60 a ünvanında yerləşir. Xəstəxana 2012-ci ildən fəaliyyətini dayandırıb. Tarixi bina 2018-ci ildə “Mehmanxana üçün 50 obyekt” dövlət proqramı çərçivəsində hərraca çıxarılıb. 2022-ci ildə gürcüəsilli rusiyalı iş admı Şalva Breus binanı təxminən 5 milyon ABŞ dollarına əldə edib. Tikilidə müasir incəsənət muzeyinin yaradılması planlaşdırılırsa da, binada bu günədək hər hansı bir tikinti-bərpa layihəsi həyata keçirilməyib. Tarixi tikili hazırda baxımsız və acınacaqlı vəziyyətdədir.
Mənbə: Teleqraf