Keçmiş Naxçıvan küçəsi: Tbilisidə dəyişdirilmiş daha bir Azərbaycan toponimi

Tbilisidə vaxtilə Azərbaycanın Naxçıvan şəhərinin adını daşıyan küçə olub.

Aziz.ge həmin küçənin tarixçəsini araşdırıb. Gürcüstan mənbələrindən əldə olunan məlumatı təqdim edirik.

Keçmiş Naxçıvan küçəsi şəhərin ermənilərin yığcam məskunlaşdığı Avlabar rayonunda, Tsminda Sameba (Müqəddəs Üçlük) kilsəsinin yaxınlığında yerləşir. Küçənin hazırkı adı Aleksandre Aladaşvilidir.

“Tbilisi – Küçələr, prospektlər və meydanlar” adlı gürcü dilində nəşr olunmuş ensiklopediyada (2008-ci il) Aleksandre Aladaşvili küçəsi haqqında aşağıdakı məlumat verilib:

“Küçə XIX əsrin sonunda salınıb. İlk olaraq Naxçıvan adını daşıyıb. Tbilisinin 1903-cü ilə aid küçələr siyahısına bu adla daxil edilib. Şəhərin 1934-cü il planında da Naxçıvan küçəsi kimi göstərilib. 1960-cı illərdə Aleksandre Aladaşvilinin şərəfinə adlandırılıb.

Naxçıvan Azərbaycanda şəhərdir”.

Məlumatdan məlum olur ki, küçə ilk — Naxçıvan adını 50 ildən çox daşıyıb.

Qeyd edək ki, Aleksandre Aladaşvili (1876-1950) həkim-terapevt, tibb elmləri doktoru, Gürcüstanın əməkdar elm işçisi olub. O, Gürcüstan SSR-in Səhiyyə Nazirliyinin Elmi Şurasına rəhbərlik edib.

Keçmiş Naxçıvan, hazırkı Aleksandre Aladaşvili küçəsində əsasən köhnə həyət evləri yerləşir. Küçə boyu ad bildirən lövhələrə rast gəlinmir. Bir evin hasarında küçənin adı əllə yazılıb, başqa bir evin fasadında isə sakinin özünün hazırladığı lövhə vurulub. Aleksandre Aladaşvili küçəsi döngədə yerləşir. Döngə də bu adı daşıyır, Tbilisinin 1934-cü il xəritəsində Naxçıvan döngəsi kimi qeyd edilib.

Sonda onu da qeyd edək ki, Naxçıvan küçəsi Avlabar rayonunda vaxtilə mövcud olmuş Azərbaycan mənşəli yeganə toponim deyil. Tarixə qovuşmuş həmin toponimlər barədə də məlumatları oxucularla bölüşəcəyik.