Seyid Şuşinskinin Tiflisdəki xeyriyyəçiliyi – Azərbaycan teatrı və “Molla Nəsrəddin” jurnalına yardımları

Bu gün Azərbaycanın bənzərsiz muğam ifaçısı, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Şeyid Şuşinskinin (1889-1965) anadan olmasından 135 il ötür.

Onun bir xanəndə kimi yetişməsində Tiflis şəhərinin musiqi mühitinin böyük rolu olub.

“Zaqafqaziyanın mədəniyyət mərkəzlərindən biri olan Tiflisin musiqi mühiti Şuşadan sonra Seyid Şuşinskinin peşəkar bir xanəndə kimi tərbiyə almasında əhəmiyyətli rol oynamışdı”.

Bu sözlər Firudin Şuşinskinin müəllifliyi ilə 1966-cı ildə nəşr olunmuş “Seyid Şuşinski” adlı kitabında xanəndənin Tiflis həyatına həsr olunan bölməsində yer alıb.

S.Şuşinski 1911-ci ildən 1919-cu ilədək Tiflisdə yaşayıb və burada məclislərdə, klublarda və teatr tamaşalarının fasilələrində çıxış edib.

Seyid Şuşinski (1912-ci il)

Həmin bölmədən bəzi hissələri təqdim edirik.

Tiflisdə ilk rəsmi çıxış

Seyidin Tiflis şəhərində ilk dəfə rəsmi çıxışı 1911-ci ilin dekabrında “Obşestvennoe sobranie” adlı erməni klubunda məşhur tarzən Bala oğlu Qrikor və kamançaçı Sevinin iştirakı ilə olmuşdu. Konsert gecəsi Tiflisin bütün oxuyan və çalanları bura toplaşıb “Şur” muğamını böyük məharətlə oxuyan gənc xanəndəni qızğın alqışlarla mükafatlandırmışdılar. Seyidin birinci konsertindən sonra onun şöhrəti ildırım sürətilə şəhərə yayılır. Deyilənə görə Seyidin ikinci dəfə afişası vurulduqda klubun ətrafına 2 000-dən artıq tamaşaçı toplaşıbmış.

Seyidni Tiflis dinləyiciləri qarşısında son dərəcə müvəffəqiyyətli çıxışlarını nəzərə alan teatr və klub sahibləri onu görkəmli bir xanəndə kimi teatrlara dəvət edib tamaşaların fasilələrində oxudardılar. Bu isə teatra gələn tamaşaçıların sayının gündən-günə artmasına səbəb olurdu. Seyid həm də Zubalov adına “Narodnı dom”da (Xalq evi) da çıxış edirdi.

Zubalov adına “Narodnı dom”, indiki K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrı
K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrı

“Narodnı dom” o zaman Tiflisin ən böyük mədəniyyət ocaqlarından biri idi. Bu ev 1909-cu ilin mart ayının 24-də açılmışdır. “Narodnı dom” teatrının binasında ayda iki dəfə Azərbaycan Dram Teatr truppası tamaşa göstərərdi. Başqa teatrlarda olduğu kimi burada da Seyid Şuşinski tamaşaların fasilələrində oxuyardı.

“Seyidi sözün əsil mənasında həqiqi bir “mesenat” adlandırmaq olardı”

1912-ci ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadənin, Əlmirzə Nərimanovun təşəbbüsü və Seyid Şuşinskinin şəxsən yaxından maddi köməyi ilə Tiflisin azərbaycanlılar yaşayan hissəsində (Şeytanbazarında) “Auditoriya” adlı yeni klub açılır. Həmin klubda təkcə konsertlər deyil, eyni zamanda teatr tamaşaları da verilirdi. Klubun açılışı günü Seyid Şuşinskinin rəhbərliyi ilə Tiflis sazəndələrinin böyük Şərq konserti olmuşdur. Konsertdə tamaşaçılar tərəfindən məhəbbətlə qarşılanan Seyid tarzən Məşədi Zeynalın müşayiətilə “Mahur” oxumuşdur.

Konsertdən gələn pulun hamısını Seyid Şuşinski kluba vermişdir. O, bir “mesenat” kimi həm teatra, həm də teatrda iştirak edən artistlərə həmişə maddi yardım göstərirdi.

Azərbaycanın Xalq artisti, Tiflis teatrında fəaliyyət göstərmiş Mustafa Mərdanovun xatirələrindən:

“Seyid öz çıxışlarına bizdən pul almazdı. Əksinə, tamaşa göstərmək üçün lazım olan xərclərin bir hissəsini həmişə öz boynuna götürərdi. O, kasıb tələbələrə də maddi yardım edərdi. Qəzet və jurnal redaksiyalarına da Seyidin az köməyi dəyməmişdi. (Mən burada “Molla Nəsrəddin” jurnalına və onun əməkdaşlarına Seyidin köməyini nəzərdə tuturam). İncəsənət və ədəbiyyat xadimlərinə yaxın olan Seyidi sözün əsil mənasında həqiqi bir “mesenat” adlandırmaq olardı”.

Şərqin ifaçılıq adətini ilk dəfə “pozan” Seyid olub

1912-ci ildə Tiflis “Müsəlman cəmiyyəti-xeyriyyəsi” məşhur Azərbaycan artisti Hüseyn Ərəblinskini Tiflis şəhərinə dəvət edir. Ərəblinskinin Tiflisə gəlməsi xəbəri ildırım sürətilə şəhərə yayılır. Tiflisin bütün teatr və musiqi xadimləri onun ətrafına toplaşır. O zaman Ərəblinskinin rejissorluğu və şəxsən iştirakı ilə Tiflisdə yaşayan azərbaycanlı artistlər bir çox teatr tamaşaları göstərmişdilər. Tiflis tamaşaçıları böyük aktyorun özünəməxsus bir məharətlə oynadığı rollara baxmaq üçün can atırdılar. Onun başqa bir zövqlə yaratdığı Nadir şah, Nəcəfbəy və Ağa Məhəmməd şah obrazları tamaşaçıları vəcdə gətirərdi. H. Ərəblinskinin Tiflisdə qastrol səfəri başqa sənət dostları kimi Seyid Şuşinskinin də hədsiz sevincinə səbəb olardı. H.Ərəblinski Seyid Şuşinskinin həm səsinə, həm də sənətkarlıq qabiliyyətinə böyük qiymət verərdi. Təsadüfi deyildir ki, Ərəblinski Tiflis teatrlarında hazırladığı tamaşaların fasilələrində oxumaq üçün həmişə Seyidi dəvət edərdi.

Hüseyn Ərəblinski
Seyid Şuşinski

Hətta bir dəfə “Kazyonnı teatrın” binasında Hüseyn Ərəblinski Seyid Şuşinskinin iştirakı ilə Tiflis musiqiçilərini toplayıb Şərq konserti təşkil etmişdi. Bu konsert Hüseyn Ərəblinskidən qabaq Əbdürrəhim bəy Haqverdiyevin təşkil etdiyi ilk Şərq konsertlərindən bir qədər seçilirdi. Konsertdə böyük müvəffəqiyyətlə çıxış edən Seyid Şuşinski H. Ərəblinskinin təşəbbüsü və məsləhəti ilə Azərbaycan səhnəsində ilk dəfə olaraq əynində frak-kostyum, ağ ipək köynək, əllərində ağ əlcək, cibdə ağ ipək dəsmal, döşündə qızıl medalyon, boğazda qara bant ilə səhnəyə çıxarkən tamaşaçıları heyrət bürüyərdi. Şərq musiqisinin ifaçılıq adətinə görə xanəndə oxuyanda tarın və kamançanın müşayiətilə oxuyardı. Lakin Şərqin bu adətini ilk dəfə “pozan” Seyid olmuşdur. O, səhnəyə tar və kamançasız çıxaraq o zaman İtaliyada musiqi təhsilini yenicə bitirib Tiflis şəhərinə gələn, İran konsulu Məcid-əs-Səl- tənənin qızının fortopianoda müşayiətilə ayaq üstə “Bayatı İsfahan” muğamını oxumuşdu. Seyiddən sonra səhnəyə çıxan H. Ərəblinski Hamletin “Olum ya ölüm” monoloqunu söyləmişdi. Teatrın salonunda min beş yüzdən artıq əyləşən dinləyicilər ayağa qalxıb Seyid Şuşinskini və Hüseyn Ərəblinskini dəfələrlə səhnəyə dəvət edib səmimi alqışlarla onlara öz minnətdarlıqlarını bildirmişlər.

“Molla Nəsrəddin” jurnalına yardım

Seyid Tiflisdə yaşayarkən, “Molla Nəsrəddin” jurnalının nəşrinə də kömək əlini uzatmışdı. Onu “Molla Nəsrəddin” jurnalının redaktoru Mirzə Cəlil ilə yazıçı və mollanəsrəddinçi Əliqulu Qəmküsar tanış etmişdi. Mirzə Cəlil Seyidin heyranlarından biri olmuşdu. O, tez-tez Seyidi, tarzən Maşədi Zeynalı evinə dəvət edib. O, Seyidin gözəl oxumalarından doymazdı.

Seyid Şuşinskinin “Molla Nəsrəddin” jurnalına etdiyi yardımı, Azərbaycan teatrının kərpiclərini çiynində daşımış, Azərbaycan teatr tarixinin canlı ensiklopediyası olan böyük sənətkarımız Hacağa Abasov belə xatırlayır:

“1912-ci ildə mərhum Hüseyn Ərəblinski ilə birlikdə Tiflis şəhərinə artist Mirzə Ağa Abbasovun benefisinə getmişdik. Tiflisdə yazıçı dostumuz Cəlil Məmmədquluzadə ilə görüşdük. O, bizi evinə qonaq dəvət etdi. O zaman Tiflis şəhərində Mirzə Cəlilin rəhbərliyi altında “Molla Nəsrəddin” jurnalı nəşr edilirdi. Söhbət əsnasında Mirzə Cəlil dedi:

“Hacağa, son iki ayda jurnalımız çıxmırdı, çünki pulumuz olmadığına görə mətbəə nəşr etmirdi. Yaxşı ki, bu günlərdə Seyid Şuşinski Batumdan gəldi və jurnalın hər iki nüsxəsinin pulunu verdikdən sonra dübarə mənə 200 manat qızıl pul göndərdi. Onu demək istəyirəm ki, Seyid Şuşinski şəxsi mənafeyini güdən sənətkar olmamışdır. O, həmişə Azərbaycan teatrına və artistlərinə maddi yardım etmişdir. Seyidin Azərbaycan mədəniyyəti tarixində xidmətləri unudulmazdır”.