Həsən Həsənov Tbilisidəki doğma məktəbində: Atam uydurma səbəblə məni bura yazdırmışdı

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, diplomat, tədqiqatçı Həsən Həsənov Tbilisiyə səfəri çərçivəsində təhsil aldığı 43 saylı ictimai məktəbə baş çəkib.

Məlumdur ki, H.Həsənov Tiflisin köhnə Xarpux məhəlləsində doğulub və boya-başa çatıb. Təhsil aldığı 43 saylı məktəb isə məhəllənin aid olduğu Abanotubanidə deyil, Mtatsminda rayonunda yerləşir.

43 saylı məktəb

Aziz.ge Həsən müəllimdən valideynlərinin onu niyə məhz evdən uzaqda yerləşən 43 saylı məktəbə yazdırmasının səbəbini və tarixçəsini maraqlanıb.

Onun danışdıqlarından bəlli olur ki, atası onu 43 saylı məktəbə yazdırmaq üçün həqiqətəuyğun olmayan səbəb uydurmağa məcbur olub:

“Bu məktəbdə 1948-1958-ci illərdə təhsil almışam. Həmin dövrdə məktəbdə tədris rus dilində idi. Tbilisinin ən nüfuzlu məktəblərindən biri idi və şagirdləri çətinliklə qəbul edirdilər. Nə məndən qabaq, nə də mənim dövrümdə bu məktəbdə təhsil alan azərbaycanlı olub. Amma məndən sonra bu məktəbdə oxumağa həvəslənən azərbaycanlılar olub.

Atam məni bu məktəbə çox çətinliklə düzəltdi. Atama dedilər ki, siz Abanotubanidə yaşayırsız deyə oğlunuzu həmin rayon ərazisindəki məktəbə qoymalısınız. Atam hesab edirdi ki, məndən nəsə bir şey çıxacaq. (gülür) Bunun üçün də Tbilisinin ən güclü məktəbini axtarıb tapmışdı. Ona bu məktəbi dedilər. Gedib direktorla danışdı. Direktor isə məni məktəbə qəbul edə bilməyəcyini bildirdi. Məktəbin yerləşdiyi küçənin başında atamın gürcü dostu yaşayırdı. Vəzifəli şəxs idi. Atam getdi onunla danışdı. Həmin kişinin həyat yoldaşı məktəbə gəlib direktora dedi ki, mənim atam cəbhədən qayıdıb, xəstədi, vəsaiti çatmadığından oğluna baxa bilmir və bu səbəbdən mən onlarla yaşayıram. Amma əslində öz evimizdə yaşayırdıq. Sadəcə məqsəd bu məktəbə düzəlməyim idi. Xatırlayıram ki, anam səhərlər məni Xarpuxdan gətirib həmin kişinin arvadına təhvil verirdi, o da məni məktəbə gətirirdi. Yalnız 1-ci sinifdə belə oldu. İkinci sinifdən isə məktəbə artıq özüm gedirdim”.