Tbilisidə Gürcüstan əsilli görkəmli azərbaycanlı hərbi xadim Vəli bəy Yadigarovun (1898-1971) həyatından bəhs edən “Polkovnik” adlı sənədli film (2015) göstərilib.
Nümayiş Vaxtanq Salaridze adına konsert zalında Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR şirkətinin Gürcüstandakı nümayəndəliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, sənədli filmin ideya müəllifi, tanınmış ictimai-siyasi xadim Həsən Həsənov, ekran əsərinin rejissoru Tahir Tahiroviç, Gürcüstan parlamentinin üzvü Savalan Mirzəyev, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev də iştirak edib.
Səfir çıxış edərək H.Həsənovun 85 illik yubileyi ərəfəsində Gürcüstanda olmasını böyük sevinclə qarşılandığını bildirib.
Onun sözlərinə görə, H.Həsənov dövlət xadimi və diplomat kimi uzaqgörən və qətiyyətli olub, bu fəaliyyəti böyük məsuliyyət və peşəkarlıqla yerinə yetirib.
F.Quliyev deyib ki, “Polkovnik” filmi yalnız bir həbçinin həyatını əks etdirən ekran əsəri deyil, Azərbaycanla Gürcüstan arasında ortaq tarixdən də bəhs edir, milli yaddaşımıza, qəhrəman keçmişimizə ehtiramın göstəricisidir.
H.Həsənov çıxışında Vəli bəyin Gürcüstan, Azərbaycan və Polşanı əhatə edən şərəfli döyüş yolundan ətraflı söz açıb, filmin onun Polşada səfir olduğu dönəmdə lentə alındığını vurğulayıb.
O, Vəli bəyin əslən Gürcüstanın Təkəli kəndindən olduğunu və gənc ikən Azərbaycana gedərək ilk respublikanın ordusuna qoşulduğunu diqqətə çatdırıb.
“O, bolşeviklərə məğlubiyyətdən sonra Gürcüstana dönüb və bir müddət burada yaşayıb. Gürcüstanda da sovet rejimi qurulanda mühacirət etməyə məcbur olub. Polşada uzun illər yaşayıb və polkovnik rütbəsinə qədər xidmət göstərib. Polşa Milli Ordusunun Kavaleriya Məktəbinin müdiri olub. Polşada mürəkkəb hərbi-siyasi vəziyyət yarananda o, Polşada qala bilmir və Argentinaya köçür. Yadigarov bəy nəslindən olsa da, dəniz limanında yük daşıyan işləməyə məcbur olur. Qızına azərbaycanlı adı verir. Onunla görüşmüşdüm, azərbaycanlı olması ilə fəxr etdiyini demişdi. Azərbaycanda heç vaxt olmasa da, atası onu Azərbaycana sevgi ruhunda tərbiyə etmişdi. Bolşeviklər Polşadan gedəndən sonra qızı ata-anasının qalıqlarını Argentinadakı məzarlıqdan çıxarıb çemodana yığıb İspaniyaya, daha sonra Varşavaya aparmışdı. Vəli bəyin qalıqlarını Polşada yüksək səviyyədə, general protokoluna uyğun olaraq qarşılamışdılar. O, müsəlman qəbirstanlığında dəfn olunmasını vəsiyyət emişdi. Baxmayaraq ki, həyat yoldaşı xristian idi, o da müsəlman qəbirstanlığında torpağa tapşırılıb”, – H.Həsənov danışıb.
O əlavə edib ki, 2017-ci ildə Varşavanın mərkəzi parklarının birində Vəli bəy Yadigarovun və general-leytenant Süleyman bəy Sulkeviçin büstləri açılıb, həm azərbaycanlılar, həm də Polşa ictimaiyyəti görkəmli hərbi xadimlərin xatirəsini abidə önündə böyük ehtiramla yad edir.
Daha sonra çıxış edən T.Tahiroviç deyib ki, ekran əsəri filmoqrafiyasında xüsusi yer tutur.
“Arzu edirəm ki, film gürcü dilinə də tərcümə olunsun və növbəti nümayiş Gürcüstan ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə baş tutsun”, – rejissor söyləyib.
Sonda çıxış edən publisist, tədqiqatçı Mirzə Məmmədoğlu H.Həsənova filmin ərsəyə gətirilməsinə görə təşəkkür edib. Onun sözlərinə görə, H.Həsənov bu ekran əsəri ilə Gürcüstan azərbaycanlılarına bir hərbçi soydaşını tanıdaraq sevdirib.
O, Yadigarovlar sülaləsi barədə və nəslin tanınmış nümayəndələrinin xidmətlərindən ətraflı danışıb.
Sənədli filmi izləyənlər arasında Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri, ziyalılar, gənclər və tələbələr olub. Soydaşlarımız həmyerliləri haqqında olan ekran əsərini böyük maraq və rəğbətlə qarşılayıblar.
Aziz.ge


