Tbilisidə iki Göyçə küçəsi — Biri adını saxlayıb, digəri Sevanla əvəzlənib

Tbilisidə Mtatsminda rayonu ərazisində Göyçə adlanan küçə var. Gürcüstan paytaxtında bu adda digər küçə də olub, lakin sonradan adı dəyişdirilib.

Aziz.ge həmin küçələrin adlandırılması tarixçələrini təqdim edir.

Göyçə adını bu günədək qoruyub saxlayan küçə Tbilisinin mərkəzi Barataşvili və Atoneli küçələrinin yaxınlığında yerləşir. “Tbilisi – Küçələr, prospektlər və meydanlar” adlı ensiklopediyada bu küçənin Göyçə adlandırılmasının tarixçəsi belə verilib:

“Qokçis küçəsi XIX əsrdə yaranıb. Tbilisinin 1876-cı il planına Vankis döngəsi kimi daxil edilib. 1923-cü ildə Göyçə adlandırılıb.

Göyçə (“göy su”). Ermənistandakı Sevan gölünün türkcə adıdır. Gürcü mənbələrində göl Gelakuni adlandırılıb”.  

Göyçə küçəsində yaşayış binaları yerləşir, ad bildirən lövhələri köhnəlib, şəxsi təşəbbüs əsasında quraşdırılmış bəzi yeni lövhələrə rast gəlinir.

Tbilisidə vaxtilə Göyçə adını daşımış küçə ermənilərin yığcam yaşadıqları Avlabar rayonunda olub, hazırkı adı Sevandır. Yuxarıda adıçəkilən ensiklopediyada bu küçə haqqında məlumata nəzər salaq:

“Sevanis küçəsinin əsası XIX əsrin sonunda qoyulub. 1903-cü ildə Tbilisi şəhər idarəsinin tərtib etdiyi küçələrin siyahısında Göyçə döngəsi kimi göstərilib. Tbilisi küçələri haqqında 1926-cı ilin sorğu kitabçasına Sevan döngəsi adı ilə daxil edilib.

Sevan, Göyçə Ermənistanda göldür, Qafqazda ən böyük göl”.