Hüseyn Minasazov Azərbaycan mətbuatının görkəmli nümayəndələrindən biri olub. O, Azərbaycan xalqının milli düşüncəsinin inkişafı və formalaşmasında əhəmiyyətli rol oynayıb.

Təhsil sahəsindən mətbuata
Minasazov 1881-ci ildə Sarvan kəndində, Gürcüstanın indiki Marneuli rayonunda anadan olub. 1894-cü ildə Qori Müəllimlər Seminariyasına daxil olub və 1899-cu ildə təhsilini başa vurub. Pedaqoji fəaliyyətinə Azərbaycanda, Xıllı kənd məktəbində başlayıb. 1901-ci ildə müəllimlikdən kənarlaşdırıldıqdan sonra Bakıya, qardaşı Abbas Minasazovun yanına köçür. Qardaşının dəstəyi ilə çətinliklə də olsa Sabunçuda iki sinifdən ibarət məktəbdə işə düzəlir, lakin burada fəaliyyəti uzun sürmür.
Minasazov Bakıda o zaman nəşr olunan “Kaspi” qəzetində məqalələrini dərc etdirir. O, tezliklə pedaqoji fəaliyyətinə son qoyur və redaksiyada öncə korrektor, daha sonra isə müxbir kimi çalışmağa başlayır. Qəzetdə 1905-ci ilin sonunadək işləyir. 1906-cı ilin əvvəlində Tiflisə köçür və gürcü maarifçi A.Qotuanın nəşr etdirdiyi “Zakavkazye” qəzetinin redaksiyasında işə başlayır. Məhz Tiflis şəhəri onun publisistik və jurnalistika fəaliyyətinin inkişafında böyük rol oynayır. O, əasən rus dilində yazırdı və məqalələri ilə Zaqafqaziyanın bütün nüfuzlu qəzetlərində — “Kaspi”, “Baku”, “Zakavkazye”, “Zakavkazskaya reç”, “Qafqazskaya kopeyka”, “Qruziya”, “Obnovleniya” nəşrlərində çıxış edirdi.
Gürcüstanın Milli Kitabxanasında saxlanılan fotokolleksiyalarda Hüseyn Minasazovun da yer aldığı arxiv fotoşəklə rast gəlinir. “Akaki Tsereteli “Novosti Zakavkazya” qəzetinin redaksiyasında” adlı foto 1908-ci ildə çəkilib.

Qeyd edək ki, “Novosti Zakavkazya” qəzeti Tiflisdə 1908-1909-ci illərdə nəşr olunub. Nəşrinə icazə veriləndə adı “Qafqazskiy listok” olub, daha sonra“Novosti Zakavkazya” adlanıb və 1908-ci ildə fəaliyyəti dayanmış “Zakavkazye” qəzetinin əvəzinə çıxıb.
“Oqni” jurnalının nəşri, xeyriyyəçiliyə yönəldilən gəlir
Mətbuata müstəsna əhəmiyyət verən Minasazov Tiflisdə rus dilində “Oqni” (İşıqlar) jurnalının nəşrinə icazə almağa nail olur. Dərginin ilk sayı 1907-ci ilin oktyabrın 14-də işıq üzü görür. Redaksiya jurnalın məqsədini belə izah edirdi:
“Məqsədimiz mürgüləyən ictimai şüuru ayıltmaq və ona obrazlarla, rəsmlərlə, səhnələrlə mümkün olan qədər kömək etməkdir”.
Minasazov nəşrin qarşısına qoyduğu vəzifələrin öhdəsindən uğurla gəlirdi. Jurnal heç bir kommersiya məqsədi güdmürdü. Tələb olunan xərclər çıxmaqla bütün gəlir ehtiyacı olan jurnalistlər və yazıçılara yardıma yönəldilirdi, digər xeyriyyə məqsədləri üçün sərf olunurdu. Dərginin işində azərbaycanlılarla yanaşı rus, erməni, gürcü, Ukrayna, osetin və digər xalqların nümayəndələri də iştirk edirdi. Jurnal fəhlə və kəndlilərin maraqlarını müdafiə edirdi, onların istismarına qarşı çıxırdı.
Redaksiya heyəti Zaqafqaziya xalqlarının ədəbiyyat nümunələrinin bədii tərcüməsinə və təbliğatına xüsusi diqqət ayırırdı. Jurnalın əməkdaşları hesab edirdilər ki, bu vacib məsələ xalqların yaxınlaşması və qardaşlaşmasında əhəmiyyətli rol oynaya bilər. Oxucular jurnalda Vaja Pşavela, A.Kançeli, Kosta Xetaqurov, A.Aqaranyan, Hafiz və digər ədiblərin əsərləri ilə tanış ola bilirdilər. Dərgidə ilk dəfə olaraq Məhəmməd Füzulinin məşhur “Məni candan usandırdın” qəzəli dərc olunub. Əsərin ruscaya tərcüməsi Eyolfa məxsus idi.
Minasazov İranda milli azadlıq hərəkatı baş qaldıranda Təbrizə gedir və “Oqni” jurnalının redaktorluğunu A.Qlaqolevə, nəşrini isə V.Karalova həvalə edir. Lakin onlar dərginin nəşrini davam etdirə bilmirlər və jurnal Minasazovun getməsindən sonra bağlanır.
Dərgidən qəzetçiliyə
Minasazov İranda 8 ay qalır, 1908-ci ilin əvvəlində Tiflisə dönür. “Oqni” jurnalının nəşrinin bərpasına nail ola bilmir. O, rus dilində “Yejenedelnoe obozrenie” (Həftəlik icmal) qəzetinin nəşrinə icazə alır, ilk nömrəsi 1909-cu ilin dekabrın 21-də çıxır. Minasazovun qəzetdə fəaliyyəti məhdud idi, o, yalnız naşir idi, redaktor isə N.Nesterov idi. Qəzet gözlənilən nəticəni vermir, yalnız bir ay mövcud olur və 1910-cu ilin yanvarın 10-da bağlanır.
Buna baxmayaraq, Minasazov mətbuat orqanlarında kəskin məqalələri ilə çıxış etməkdə davam edir. O, bir çox görkəmli azərbaycanlı yazıçıların yaradıcılığını də təbliğ edir.
İctimai fəaliyyət, “Yeni fikir” qəzetinə dəstək
1905-ci ildə Minasazov Tiflis şəhər Dumasına üzv seçilmək üçün azərbaycanlı namizədlərdən biri olub. Bəziləri onun namizədliyinə düşməncəsinə yanaşır və Dumaya onun haqqında anonim məktublar göndərilir. Minasazov buna etiraz edərək namizədliyini geri götürür.
1921-ci ildə Gürcüstanın İnqilab Komitəsinin qərarı ilə “Gürcüstan SSR-in müsəlman əhalisinin işləri üzrə Şura” yaradılır. Şuranın sədri Ömər Faiq Nemanzadə, katibi isə Minasazov olur.
Minasazov Tiflisdə 1922-1927-ci illərdə Azərbaycan dilində nəşr olunan “Yeni fikir” qəzetinin təşkilində və fəaliyyətində də fəal iştirak edib.
Minasazov Tiflisdə 1924-cü ilin sonunadək yaşayır. O, Bakıya köçür və 1927-ci ilədək Mərkəzi Arxivdə elmi əməkdaş kimi çalışır. 1927-1928-ci illərdə Naxçıvan Dövlət Arxivinə rəhbərlik edib. 1929-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda (indiki AMEA) redaksiya-nəşriyyat kollegiyasının katibi vəzifəsində işləyib. 1932-ci ilin yanvarında Bakıda vəfat edib.
______________
Mənbə: Избранные произведения /Г. Минасазов. Шамиль. Курбанов. 1982 (Seçilmiş əsərləri / H.Minasazov. Şamil Qurbanov)


