Tiflis Azərbaycan teatrının Teymur Axundov ad-soyadlı gənc aktyoru olub. Bu aktyor haqqında naşir, jurnalist Hüseyn Minasazov 1904-cü ilin martın 21-də işıq üzü görən “Kaspi” qəzetinin 71-ci sayında nekroloq dərc etdirib.
Axundovun 20 yaşında vərəm xəstəliyindən dünyasını dəyişdiyi məlum olur. Nekroloqda qeyd olunub ki, o, son dərəcə istedadlı aktyor olub və tatar (Azərbaycan) dilində qoyulan bütün tamaşalarda baş rolda yer alıb. Axundov tamaşaçıların sevimlisi idi, teatra onları cəlb edirdi.
“Onun oyununa yalnız müsəlmanlar deyil, ermənilər və gürcülər də heyran qalırdı. Axundovu hamı tanıyırdı və sevirdi. Səhnədən uzaq şəxsi həyatında sakit, təvazökar gənc idi”, – nekroloqda deyilir.
Minasazov Axundovun tərcümeyi-halının onun həyatı kimi qısa olduğunu yazıb:
“O, Tiflisdə anadan olmuşdu, bu şəhərdə yaşayırdı. Əslən Yelizavetpol quberniyasının Nuxa şəhərindən (Şəki) idi. Mirzə Fətəli Axundovun qohumu idi. İlk təhsilini Tiflis müsəlman məktəbində almışdı, daha sonra Qori seminariyasına daxil olmuşdu. Təhsilini Hacı Zeynalabdin Tağıyevin hesabına alırdı. Bir neçə ildən sonra xəstəliyi səbəbindən təhsilini yarımçıq saxlayıb. Mərhum anasından ona irsən keçən çox tez inkişaf edən vərəm xəstəliyindən əziyyət çəkirdi. Bu xəstəlik onun həyatına 20 yaşında son qoydu.
Müsəlmanlar onun timsalında böyük artist qüvvəsini, sənətkarı itirdi.
Bizdə onların sayı çox azdır.
Və ya demək olar heç yoxdur”.
_______
Mənbə: Избранные произведения /Г. Минасазов. Шамиль. Курбанов. 1982 (Seçilmiş əsərləri / H.Minasazov. Şamil Qurbanov)


