Tbilisinin Krtsanisi rayonunda hazırkı Bejan Kalandadze küçəsi vaxtilə Nəriman Nərimanovun adını daşıyıb.
Aziz.ge bu küçənin adlandırılmasının tarixçəsini təqdim edir.
XX əsrin əvvələrində salınan küçənin ilk adı Nadikvari (Telavi rayonunda kənd adı) olub, daha sonra isə Nadikvari I adlandırılıb. 1940-cı ildə adı Bevreti adı (Mtsxeta rayonunda kənd adı) ilə əvəzlənib. 1970-ci ilin əvvəllərində isə küçəyə Nəriman Nərimanovun adı verilib və 20 ilə yaxın küçə bu adı daşıyıb.

1990-cı ildə küçəyə keçmiş adı Bevreti qaytarılıb. 2005-ci ildə isə siyasətçi Bejan Kalandadzenin (1977-2005) şərəfinə adlandırılıb. O, parlament üzvü olub, 2004-2005-ci illərdə Gürcüstan prezidentinin Quriya bölgəsi üzrə nümayəndəsi vəzifəsini tutub. 2005-ci ilin mayın 9-da Ozurgetidən Tbilisiyə gedərkən avtomobil qəzasına düşərək dünyasını dəyişib.

Bejan Kalandadze küçəsi 2 ünvanında yerləşən yaşayış binasının fasadında üzərində rusca və gürcücə “Nərimanov küçəsi” sözlərinin yazıldığı lövhəni, daha doğrusu onun bir hissəsini son illərədək görmək mümkün idi. Küçənin əvvəlki adını bildirən yeganə işarə artıq yoxdur.




