Azərbaycan-Gürcüstan ədəbi əlaqələri: Xaqani Şirvani irsinin gürcü araşdırmaçısı kim olub?

Yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Gürcüstana da səmimi sətirlər həsr edib. Xaqaninin əsərləri şairin dəfələrlə Gürcüstanda olduğunu deməyə əsas verir. Şairin rübailərindən:

Ağ üzlü, qıvrımsaç qızın eşqindən
Gürcücə öyrəndim Abxaziyada mən.

Abxaziya deməklə şair Gürcüstanı nəzərdə tutub.

Gürcüstanda Xaqani Şirvaninin həyat və yaradıcılığını araşdıran Aleksandre Qvaxariya (1929-2002) olub. O, filologiya elmləri doktoru, professor, Gürcüstan SSR-in Elmlər Akademiyasının akademik Giorgi Tsereteli adına Şərqşünaslıq İnstitutunun Fars ədəbiyyatı bölməsinin böyük elmi əməkdaşı olub.

Aleksandre Qvaxariya

Qvaxariya Xaqani Şirvaninin əsərlərini (rübai, qəsidə və digərləri) gürcü dilinə tərcümə edib və bu sahədə əhəmiyyətli xidmətlər göstərib. Filoloq “Gürcüstan və Şirvan şairləri” kitabının müəllifi, Azərbaycan şairinin həyat və yaradıcılığının, həmçinin onun Gürcüstanla əlaqələrinin araşdırmaçılarından biri olub. 1966-cı ildə Tbilisidə “Xaqani-Nizami-Rustaveli” kitabını dərc etdirib. O, həmçinin Azərbaycanın digər görkəmli şairi Nizami Gəncəvinin məşhur araşdırmaçıları Y.N.Marr və K.İ.Çaykinin arxivlərindən olan materialları toplayaraq çap etdirib.

Gürcüstan-Azərbaycan ədəbi və mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə Aleksandre Qvaxariyaya 1981-ci ildə Azərbaycan SSR-in Əməkdar mədəniyyət işçisi fəxri adı verilib.

Qvaxariya 1989-cu ildən Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü olub. O, Gürcüstanın “Şərəf” ordeni, “Əməkdar elm xadimi” fəxri adı, müxtəlif medal və mükafatlara da layiq görülüb.

Aziz.ge

Həmçinin oxu: