Azərbaycanla Gürcüstan arasında kino sahəsində sənəd imzalanıb

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə Gürcüstan Milli Kino Mərkəzi arasında memorandum imzalanıb.

Aziz.ge ARKA-nın məlumatına istinadla xəbər verir ki, imzalanma Berlin şəhərində baş tutub.

Memorandumun məqsədi audiovizual fəaliyyət sahəsində birgə istehsal (co-production) mexanizmlərinin təkmilləşdirilməsi, yerli və xarici film istehsaçılarına birgə xidmətlərin təklif edilməsi, hər iki ölkənin mədəni dəyərlərini əhatə edən layihələrin artırılması, iki ölkə arasındakı dostluq əlaqələrinin kinematoqrafiyada təsvir edilməsini təşviq etməkdir.

Sənədi ARKA-nın baş direktoru Rəşad Əzizov və Gürcüstan Milli Kino Mərkəzinin baş direktoru Mamuka Bliadze imzalayıblar.

Memorandumda bu sənədin müddəalarından irəli gələn əməkdaşlıq fəaliyyətinin icrasını təmin etmək məqsədilə tərəflər arasında müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur.