Fevralın 24-də Azərbaycanın uşaq ədəbiyyatının banilərindən biri, böyük maarif və mədəniyyət xadimi Abdulla Şaiqin anadan olmasından 145 il ötüb. Görkəmli ədibin qələmə aldığı bəzi hekayələrində onun doğulduğu Tbilisi şəhəri ilə bağlı xatirələri yer alıb. Həmin hekayələrin bir neçəsi “Literaturnaya Qruziya” (Ədəbi Gürcüstan) jurnalının 1973-cü ildə işıq üzü görmüş 6-cı sayında “Keçmişin səhifələri” adı altında təqdim olunub. Qeyd edilib ki, ədibin inqilabdan öncəki Tbilisinin mədəni-ədəbi həyatı haqqında xatirələri çox maraqlı məlumatlardan ibarətdir.
Abdulla Şaiq “Tiflis” adlı hekayəsində doğma şəhərinə belə təsvir verib:
“Anadan olduğum və uşaqlığımı keçirdiyim Tiflis şəhəri yamacları yaşıl çəmənlikli hündür dağlarla əhatələnib. Şəhəri iki hissəyə bölən Kür çayının heyrətli sahilləri yaşıl məxmər xalçaya bənzəyir; hündür, qüdrətli ağaclar sanki şəhəri yarpaqları arasında gizlətməyə çalışırmış kimi ona xüsusi bir cazibədarlıq verir”.

“İlk addım” adlı hekayəsində isə ədib Tbilisidə yaşadığı məhəlləni belə xatırlayıb:
“Biz əsasən azərbaycanlıların məskunlaşdığı rayonda, Fərəc bəyin evində, ikimərtəbəli evin birinci mərtəbəsində yaşayırdıq. Pəncərələrimiz həyətə baxırdı, ikinci mərtəbədə isə şeyxülislam Mirzə Həsən Tahirov ailəsi ilə yaşayırdı. Həmin bu binanın birinci mərtəbəsində, həyət tərəfdən altı sinifli məktəb, ikinci mərtəbədə isə dini idarə yerləşirdi. Həyətin sağ və sol tərəflərində tünd yaşıl taxta lövhəli hasarın arxasında gül kolları bitirdi. Şeyxülislamın nəzarətində olan altı sinifli məktəb bütün şəhər məktəbləri kimi Tiflisdəki Maarif üzrə Zaqafqaziya Müfəttişliyinin himayəsində idi.
Məktəb yaşına çatmamış uşaq olaraq məktəbdə təhsil alanlarla tanış və dost ola bilmişdim. Biz tənəffüslər zamanı görüşürdük və əyləncəli oyunlar oynayardıq. Məni məktəbin müəllimləri də yaxşı tanıyırdı, belə ki, dini idarədə çalışan atam eyni zamanda məktəbdə dərs deyirdi”.
Ədibin “Fanatizm” adlı digər hekayəsində isə Tiflisin Şeytan bazar məhəlləsindən bəhs edilir:
“Şeytan bazar Tiflisin ən gur yerlərindən biri idi. Onun bir-iki yerində çayxanalar yerləşirdi. Onlar səhərdən axşama qədər ziyarətçilərlə dolu idi – insanlar saatlarla çay stəkanı arxasında əyləşirdilər, dərvişlərin nağılları, aşıqların mahnılarına qulaq asırdılar, dərvişlərin ilanlarla hoqqabazlıqlarına tamaşa edirdilər.
Samovarların hisi və qəlyanların acı tüstüsü çayxananı qatı dumanla bürüyürdü. Belə çayxananın yaxınlığından hər dəfə keçəndə qeyri-ixtiyari kandarında dayanıb tütün tüstüsünə qərq olan dərvişləri, nağıl danışanları, sehrbazları və müştəriləri müşahidə edirdim”.
…Tiflisdə yaşayan azərbaycanlıların əksəriyyətini İran Azərbaycanından olan mühacirlər təşkil edirdilər. Onlar şah zülmünün qəddar qəzəbindən fiziki cəhətdən yorğun və mənəvi cəhətdən şikəst olmuşdular. Azəbaycanlılar qan bacı və qardaşlarını sevgi və hörmət hissi ilə qarşılayırdılar. Onlar eyni dildə danışırdılar, eyni adət-ənənələri var idi. Tiflisə bu mühacirlərin axınında molla və seyidlər, falçı və dərvişlər də gəlirdilər. Onlar yerli əhali arasında mürtəce əxlaqın, xurafatların və fanatizmin yayılmasına səbəb olurdular”.
Böyük təəssüf hissi ilə qeyd edək ki, Tbilisi şəhərində Abdulla Şaiqin yubileyinə həsr olunan hər hansı bir tədbir təşkil olunmadı. Bu əlamətdar tarixə ən böyük töhfə onun ata yurdu olan Gürcüstanın tarixi Borçalı mahalının Sarvan, indiki Marneuli rayonundakı xatirə guşəsinin bərpa edilərək açılışı ola bilərdi. Lakin 25 il öncə yaradılan guşənin yenilənərək abad vəziyyətə gətirilməsi istiqamətində bu günədək nəzərəçarpan addım atılmayıb.


Aziz.ge
Həmçinin oxu:
Abdulla Şaiqin nəvəsi Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət edib
Abdulla Şaiqin Gürcüstandakı xatirə guşəsinin bərpaya ehtiyacı var


