Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub.
Muzeyin ekspozisiyalarla tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə “Azərxalça”nın istehsalı olan beş nadir xalçadan ibarət “Mədəni irsə yeni baxış” adlı kolleksiya hədiyyə edildi. Kolleksiya qədim xalça nümunələrinin müasir interpretasiyasını təqdim edir.
Kolleksiyaya klassik elementlərin, xüsusilə “Xətai” və “Çələbi” motivlərinin müasir kompozisiyada sintezi olan “Naxçıvan”, Qarabağ xalça məktəbinin zəngin ornamentləri ilə yenidən işlənən “Açma-yumma”, ritmik və təkrarlanan elementlərlə kainat harmoniyasını xatırladan “Qarabağ”, “Bəndi-Rumi” kompozisiyası və Şərq sənət ənənələrinin müasir ifadəsi olan “Ovçuluq” və 2500 illik tarixə malik, dünyanın ən qədim xovlu xalçasının müasir interpretasiyası olan “Pazırık” xalçaları daxildir.
Muzeyin rəhbərliyi hədiyyələrə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq bildirdi.
Mehriban Əliyeva Gürcüstanın birinci xanımı Tamar Baqrationi ilə birgə Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini də ziyarət edib.





Mənbə: Azərtac


