Qərbi Azərbaycan kəndi – Cilizə: Ermənistanın Gürcüstana qaytarmağa hazırlaşdığı yaşayış yeri

Bu ilin martında Ermənistanın sərhədyanı Ciliza kəndini Gürcüstana qaytarmağa hazırlaşdığı barədə məlumatlar yayılıb. Erməni mətbuatında yer alan məlumatlara əsasən, bununla Ermənistan ləng gedən Gürcüstanla sərhədlərin demarkasiya prosesini aktivləşdirmək niyyətindədir.

Bu kəndin əsl adı Cilizədir. Yaşayış yeri haqqında məlumat Mədəd Çobanov Müşviq Çobanlının müəllifləri olduğu “Borçalı toponimləri” (2012) adlı kitabda aşağıdakı kimi verilib:

Cilizə – bu oykonimin (yaşayış yeri adı) etimologiyası hələlik tam araşdırılmayıb. Cilizə Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsində sabiq Allahverdi (indiki Ermənistanın Tumanyan) rayonunda kənd adı olub. Əhalisi Azərbaycan türkləri olub. 1926-cı ildə Cilizə kəndinin əhalisi öz dədə-baba torpaqlarından, yurd-yuvalarından Azərbaycana deportasiya olunub”.

Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası ilə bağlı statistik məlumatlara əsasən, 1988-ci ildə də Cilizə kənd sakinləri deportasiyaya məruz qalıb. Həmin ildə kənddə 11 ailə, 75 nəfər yaşayıb.

Qeyd edək ki, Cilizə kəndi qədim alban-türk abidələri ilə zəngindir. Onların tarixi saxtalaşdırılıb, erməni orta əsr memarlıq nümunələri kimi təqdim olunur.