Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin (1912-2001) şeirləri arasında Gürcüstanın Abxaziya bölgəsinə həsr olunan bir neçə poeziya nümunəsi də var. Onlardan biri “Abxaziya” adlanır və 1964-cü ildə qələmə alınıb. Həmin şeiri təqdim edirik:
Qızıl saçlı günəşin,
Sönməz odun, atəşin
Vətəni Abxaziya!
Sevdim öz elim kimi
Mən səni Abxaziya!
Yaşıl çəmənlərinə
Bir zaman mən də gəldim.
Günəşli sahillərin
Qucağında dincəldim.
Onda könlüm sahilsiz
Dəniz kimi yaşardı:
Fırtınalı, boranlı,
Sakit günlərim vardı.
Gənclik təravətini
Sonra illər apardı…
İllərin yolu uzaq,
Suları coşqun, dərin…
Mənimlə qalacaqdır
Ey gözəllik diyarı
Əziz xatirələrin!
Sükutun, tufanların,
Gülün, gülüstanların,
Qəhrəman insanların
Vətəni Abxaziya!
Unutmaram heç zaman
Mən səni Abxaziya!